ABŞ-da uşaq bağçasına hücum edilib - Yaralılar var

ABŞ-da uşaq bağçasına hücum edilib - Yaralılar var
  21 Sentyabr 2018    Oxunub:3074
ABŞ-ın Nyu-York ştatının Kuins rayonunda 24 saat fasiləsiz fəaliyyət göstərən uşaq bağçasına hücum edilib. Nəticədə 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb.
AzVision.az “CBS New”a istinadən xəbər verir ki, bu gecə saat 03:00 radələrində 52 yaşlı qadın bağçaya hücum edərək 3 uşağı və 2 orta yaşlı insanı bıçaqlayıb. Böyüklərdən biri bağçanın işçi heyətinin üzvü, digəri isə uşaqlardan birinin atasıdır. Onların hamısı xəstəxanaya yerləşdirilib. Nyu-York polisinin məlumatına görə, uşaqlardan birinin vəziyyəti ağır olsa da, həkimlər onun yaşamaq şansının olduğunu bildiriblər.

Bıçaqlı hücum zamanı bağçada əlavə daha 4 uşaq olub. Lakin onlardan heç biri xəsarət almayıb. Polis hücumu törədən qadının özünə də fiziki zərər yetirdiyini deyib. O, bağçanın zirzəmisində biləkləri kəsilmiş halda aşkarlanıb və polisin nəzarəti altında müalicə olunur. 52 yaşlı qadının əvvəllər həmin uşaq bağçasında işlədiyi məlum olub. Onun müəyyən psixoloji sarsıntı keçirdiyi istisna edilmir.

Polisin araşdırması nəticəsində aydınlaşıb ki, uşaq bağçası yaşayış evində qeyri-formal qayğı mərkəzi kimi fəaliyyət göstərib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Nyu-York  





Xəbər lenti