Çin ABŞ-dan qorxmur - Sanksiyalara cavab gəldi
AzVision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan bəyan edib.
O, əlavə edib ki, ABŞ sanksiyalarına rəğmən Çin Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcək və hətta iki ölkə arasındakı strateji əməkdaşlıq yeni səviyyəyə qaldırılacaq. Şuan həmçinin vurğulayıb ki, baş verənlər Çinin və ABŞ-ın Silahlı Qüvvələri arasındakı hərbi münasibətləri sarsıdır.
Qeyd edək ki, ötən gün ABŞ-ın Maliyyə Nazirliyi Çin Mərkəzi Hərbi Şurasının Qoşunların Hazırlığı və Təchizat Departamentinə, o cümlədən departamentin rəhbəri Li Şanfuya qarşı sanksiyalar tətbiq edib. Səbəb isə “Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında” (CAATSA ) qanuna uyğun olaraq Rusiyaya qarşı sanksiyaların qüvvəyə minməsindən sonra Çinin Rusiyadan 10 ədəd “Su-35” qırıcısı və “S-400” raketdən müdafiə sistemləri almasıdır.
Ağ Evdən bildiriblər ki, yeni sanksiyalar Çin və Rusiyanın müdafiə qabiliyyətinin sarsıdılmasına yox, Moskvaya təzyiq göstərməklə “pis niyyətli fəaliyyətinə” görə onu cəzalandırmağa yönəlib.
Leyla Elbrusqızı
AzVision.az