Qazaxıstanda pedofillərin axtalanmasına başlanıldı

Qazaxıstanda pedofillərin axtalanmasına başlanıldı
  21 Sentyabr 2018    Oxunub:4332
Qazaxıstanda azyaşlı uşaqlara qarşı cinsi zorakılıq və təcavüz edən pedofillərin axtalanması prosesinə başlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Pedofil kişilərin kimyəvi üsulla ilk axtalanma prosesi üzrə təşkilati tədbirlər ölkənin cənubundakı Türkistan əyalətində həyata keçiriləcək.
Buna səbəb həmin bölgədən müraciətin daxil olmasıdır. Nazirlikdən bildiriblər ki, pedofillərin cinsi istəklərinin azaldılması üzrə prosedurların yerinə yetirilməsi ilə məşğul olan səhiyyə təşkilatlarına büdcədən 9,6 milyon təngə (27 min ABŞ dolları) ayrılıb. İl ərzində bir pedofil kişinin kimyəvi üsulla axtalanması üçün 125 min təngə (350 ABŞ dolları) sərf olunacaq.

Qeyd edək ki, 2016-cı ilin aprelində Qazaxıstan prezidenti Nursultan Nazarbayev uşaq hüquqlarının qorunması istiqamətində qanunvericiliyə böyük dəyişikliklər paketini imzalayıb. Onların sırasında uşaqlara təcavüz edən pedofil kişilərin axtalanmasına dair dəyişiklik də var. Axtalanma daxil olmaqla, həmin dəyişikliklərin bir qismi 2018-ci ilin 1 yanvarından qüvvəyə minib.

Qazaxıstanın Baş Prokurorluğu bildirib ki, məhkəmənin qərarı ilə pedofillikdə ittiham olunanlar cinsi istəyi azaldan preparatlar qəbul etməyə məcbur ediləcəklər. Bununla da, kimyəvi üsulla axtalanan kişilər bir daha uşaqlara cinsi təcavüz edə bilməyəcəklər. Cəza tədbirləri həddi büluğa çatmayanların cinsi toxunulmazlığı barədə qanunu pozaraq cinayət törədən 18 yaşından yuxarı pedofillərə tətbiq olunacaq və məcburi xarakter daşıyacaq.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti