Etimad İsmayılovu öldürən iş adamı: "Qorxudan silah çəkdim"

Etimad İsmayılovu öldürən iş adamı: "Qorxudan silah çəkdim"
  21 Sentyabr 2018    Oxunub:10936
Ötən gün axşam saatlarında İstanbulda azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən keçmiş polis rəisi Gözəl Dəmirovun polisə verdiyi ilkin ifadə məlum olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəmirov qətlin pul üstündə baş verdiyini etiraf edib.
Türkiyədə bizneslə məşğul olan Dəmirov şəriki E.İsmayılovla birlikdə qurduqları şirkətin 4 milyon dollar dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməsini istəyib. İş adamları aralarındakı problemi həll etmək üçün İsmayılovun Floryadakı ofisində görüşüblər.

Dəmirovun 4 milyonluq tələbi qəbul olunmayıb. Nəticədə aralarında mübahisə düşüb. Təhqirə məruz qaldığını iddia edən Dəmirov üzərində gəzdirdiyi silahla İsmayılovun baş və ürək nahiyəsinə atəş açaraq hadisə yerindən uzaqlaşıb.



İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində qətldə şübhəli bilinən Dəmirov 3 saatdan sonra sürücüsü ilə birlikdə saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

"Görüşmək üçün ofisinə getdim. Orada məni təhdid edib, üzərinə hücum çəkdi. Mən də qorxub silaha əl atdım", - deyə saxlanılan iş adamı ifadəsində bildirib.



Qeyd edək ki, qətlə yetirilən iş adamı Etimad İsmayılov sabiq deputat, Ədalət partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

AzVision.az


Teqlər: Etimad-İsmayılov  





Xəbər lenti