Avstriyanın idman naziri Bakıya gəlib

Avstriyanın idman naziri Bakıya gəlib
  18 Sentyabr 2018    Oxunub:6632
Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, federativ idman naziri Heinz-Kristian Ştaxeninin (Heinz-Christian Strache) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir həmkarına Azərbaycana gəldiyi və idman sahəsindəki inkişafa böyük maraq göstərdiyi üçün təşəkkürünü bildirib, Avstriyalı idmançıları Azərbaycana təlim məşq toplantılarına, təcrübə mübadiləsinə dəvət edib. Azad Rəhimov bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində idmanın inkişafı, idmançıların birgə təlim məşq toplantılarına qatılmaları üçün hər bir şərait var. Bununla yanaşı, nazir Azərbaycanın müxtəlif illlərdə ilk Avropa oyunları, IV İslam Həmrəyliyi oyunları, Formula 1 Grand Prix turniri , Şahmat üzrə Dünya Olimpiadasına ev sahibliyi etdiyini, müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində Avstriya ilə maraqlı əməkdaşlıq edə biləcəyini də diqqətə çatdırıb.



Azad Rəhimov görüş zamanı 2015-ci ildə Azərbaycanda İlk Avropa oyunları zamanı Avstriyalı idmançı Vanessa Şahinoviçin düşdüyü qəzadan sonra Azərbaycan hökumətinin atletin sağalması istiqamətində bütün dəstəyi göstərdiyini və bu işdə vitse-kansler Heinz-Kristian Ştaxenin xidməti olduğunu qeyd edərək, ona dərin təşəkkürünü bildirib. Öz növbəsində vitse-kansler, federativ idman naziri Heinz-Kristian Ştaxen də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə atlet Vanessa Şahinoviçin sağlamlığına çox həssas yanaşdığını, hər bir diqqət və qayğını göstərdiyini bildirərək, dərin təşəkkür edib.
Bununla yanaşı vitse-kansler Azərbaycan idmanı ilə sıx maraqlandığını, ölkəmizin bu sahədə qazandığı uğurların kifayət qədər yüksək olduğunu söylədi. Heinz-Kristian Ştaxen Azərbaycanın cüdo üzrə Dünya çempionatına çox ciddi hazırlaşdığını, bu istiqamətdə keçirilən bir sıra tədbirlərə də qatıldığını diqqətə çatdırıb. Vitse-kansler Avstriyada da şahmat, güləş və idman növlərinin Azərbaycanla eyni səviyyədə inkişafını arzuladığını xüsusi olaraq vurğulayaraq, böyük məmniniyyətlə bu istiqamətlərdə qarşılıqlı əməkdaşlğa hazır olduğunu bildirib.

AzVision.az


Teqlər: Avstriya   İdman  





Xəbər lenti