Yəmən münaqişəsi üzrə danışıqlar baş tutdu

Yəmən münaqişəsi üzrə danışıqlar baş tutdu
  13 Sentyabr 2018    Oxunub:3980
İran və Avropa İttifaqı Yəməndə silahlı münaqişənin sülh yolu ilə nizamlanması və Yəmən xalqına qarşı xarici hərbi təcavüzə son qoyulması yollarının axtarılması üzrə danışıqların üçüncü raundunu keçiriblər.
AzVision.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən danışıqlarda İran xarici işlər nazirinin siyasi əlaqələr üzrə xüsusi köməkçisi Hüseyn Cabiri Ənsarinin başçılıq etdiyi heyət Almaniya, Fransa, İtaliya və Böyük Britaniya nümayəndələri ilə görüşüb.

Danışıqlar zamanı tərəflər Yəməndə silahlı münaqişənin dayandırılması və humanitar böhrandan çıxış yollarını, həmçinin, Yəmənlə yanaşı Suriyada sülhə cəhdlər daxil olmaqla, bütövlükdə regiondakı son prosesləri müzakirə ediblər.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. İran isə husiləri dəstəkləyərək onlara hərbi-maliyyə yardımı göstərir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

14 iyundan başlayaraq, koalisiya qüvvələri Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün “Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayıb. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yəmən   İran   Avropa  





Xəbər lenti