AŞPA Ermənistanda siyasi təqibləri araşdıracaq

AŞPA Ermənistanda siyasi təqibləri araşdıracaq
  12 Sentyabr 2018    Oxunub:3763
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məsələlər və demokratiya üzrə monitorinq komissiyası Ermənistanda siyasi təqibləri araşdıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın AŞPA -dakı nümayəndə heyətinin rəhbəri Arpine Ovannisyan bildirib. Onun sözlərinə görə, ötən gün AŞPA-nın siyasi məsələlər və demokratiya üzrə komissiyasıın iclasında Ermənistandakı daxili siyasi vəziyyət və son zamanlar ölkədə baş verən proseslər müzakirə olunub.

“AŞPA-nın iclasında konkret olaraq Ermənistanda söz azadlığının boğulması, nifrət təbliğ edən materialların yayılması, Ermənistanın ikinci prezidenti (Robert Koçaryan) və digər çoxsaylı keçmiş məmurlar və onların ailə üzvlərinə qarşı açılan cinayət işləri, baş nazirin hakimiyyətinə qarant olaraq təzyiq vasitəsi kimi Ermənistan Konstitusiyasına yenidən dəyişikliklər edilməsinə cəhdlər və digər məsələlər müzakirə olunub”, – deyə Ovannisyan “Facebook” səhifəsində bəyan edib.

Erməni diplomat, həmçinin bildirib ki, AŞPA-nın monitorinq komissiyasının iclasında ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinin yayılan gizli səs yazısı da qızğın müzakirələrə səbəb olub. Bütün bunları nəzərə alaraq, AŞPA-nın siyasi məsələlər və demokratiya üzrə komissiyası qanunun aliliyinin və qanunverici və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasını yoxlamaq, o cümlədən siyasi təqiblərlə bağlı Ermənistanda monitorinq keçirmək barədə qərar qəbul edib və bununla bağlı rəsmi İrəvana məktub göndərilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   ATƏT  





Xəbər lenti