Kremldən Paşinyana tələb - Bu məmurları uzaqlaşdırsan...

Kremldən Paşinyana tələb  - Bu məmurları uzaqlaşdırsan...
  06 Sentyabr 2018    Oxunub:2168
Apardığı kadr siyasəti nəticəsində Ermənistan baş naziri ciddi problemlə üzləşərək çıxılmaz vəziyyətdə qalıb. Çünki Ermənistanın yeni hakimiyyətində təmsil olunan bir sıra məmurlar Ermənistanın strateji müttəfiqi Rusiya üçün ümumiyyətlə qəbuledilməz olaraq qalırlar.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti yazıb. Qeyd olunur ki, qatı qərbpərəst məmurların Paşinyan hökumətində yer alması Rusiyanı ciddi şəkildə narahat edir.

“Söhbət uzun illər ərzində Rusiyaya qarşı açıq düşmən mövqeyində dayanan,Moskvanın ünvanına təhqiramiz ifadələr səsləndirən, indi isə Ermənistan rəhbərliyində yüksək vəzifə sahibi olanlardan gedir. Bu kontekstdə əsas fiqurlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryandır. Mənbələrimizdən əldə etdiyimiz məlumatlara əsasən, Moskva Ermənistanın hakim elitasında bu cür şəxslərin mövcudluğu ilə bağlı İrəvana açıq etirazını və qeyri-məmnunluğunu bildirib, bunun iki ölkənin maraqlarına zidd olduğunu deyib.” – deyə, qəzet yazır.

Xüsusən də vurğulanır ki, Kreml müxtəlif hərbi-strateji məsələlərdə Ermənistan rəhbərliyindəki konkret şəxslərə güvənmir və bu səbəbdən də onların hakimiyyətdən uzaqlaşdırılmasını istəyib. Məsələn, ikitərəfli əməkdaşlıq bunu tələb etsə də, Rusiya hərbi-siyasi xarakterli bir çox sənədləri qatı qərbpərəst olan Armen Qriqoryana etibar edə bilmir. Çünki ehtiyatlanır ki, həmin sənədlər amerikalıların əlinə keçə bilər.

“Joxovurd” qəzeti yazır ki, eyni güvənsizlik David Sanasaryana münasibətdə də sərgilənir. Bununla da Kreml açıq şəkildə bildirir ki, İrəvanla Moskva arasındakı “etibarın bərpası” və Ermənistanın təhlükəsizliyi yolunda Paşinyan öz, daha doğrusu qərbin adamlarını qurban verməlidir. Odur ki, Paşinyan Ermənistanın gələcək təhlükəsizliyini və hərbi sahədə Rusiya ilə tamformatlı və hərtərəfli əməkdaşlığı davam etdirməklə ölkənin mövcudluğunu qoruyub saxlamaq istəyirsə, Kremlin tələblərini yerinə yetirməlidir. O da istisna edilmir ki, 8 sentyabrdakı görüşdə Putin bir daha Paşinyan qarşısında bu tələbi qoysun.

Nəşrə görə, Putinin köməkçisi Yuri Uşakovun bəyanatı nəzərə alınsa, bu görüş bir çox məsələlərdə Paşinyana verilən son “şans” olacaq.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Transparency International”da seçki proqramlarının koordinatoru vəzifəsində çalışıb. “Transparency International” Ermənistan və digər ölkələrdə Rusiya əleyhinə işləyən Soros fondu tərəfindən maliyyələşdirilir. Bu təşkilat korrupsiya ilə beynəlxalq mübarizə üzrə fəaliyyət göstərdiyini bəyan etsə də, ABŞ kəşfiyyatının sənədlərində bir sıra ölkələrdə seçkilərə müdaxilə, dövlət çevrilişi və rəngli inqilablar etmək üçün “Transparency International”ın “xidmətlərindən” geniş istifadə olunduğu etiraf edilib.

Dövlət nəzarət xidmətinin rəisi David Sanasaryan isə erməni əsilli amerikalı Raffi Ovannisyanın rəhbərlik etdiyi qərbyönümlü “İrs” partiyasının üzvü olub. Ermənistanda Sanasaryan qatı rusofob reputasiyaya malikdir: Rusiyanın İrəvandakı səfirliyi önündə keçirilən anti-rus aksiyalarında mütəmadi iştirak edərək, rus hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edib. Hazırda da rus hərbçilərin Ermənistan çıxarılması yönündə amerikalılarla gizli iş apardığı ehtimal edilir.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti