Azərbaycan diplomatları Orxan Zeynalovla görüşdü
Görüş zamanı səfirlik əməkdaşları O.Zeynalova onun hüquqlarını izah etmiş, söhbət aparmış və onun maraqlarının müdafiə etməsi üçün səfirlik tərəfindən vəkil V.İ.Anikuşkin və tərcüməçi D.Dadaşova ilə müqavilənin bağlandığı barədə xəbər veriblər.
O.Zeynalov tutulub-saxlanılan gün və istintaq təcridxanasında olduğu müddət ərzində ona qarşı fiziki təzyiq tədbirləri və digər əsası olmayan sərt, ləyaqəti alçaldan davranış tərzinin tətbiq edildiyi barədə məlumat verib.
Səfirliyin tapşırığı əsasında, O.Zeynalovun sözlərinə, habelə KİV-in yaydığı məlumat, o cümlədən videokadrlara istinadən, vəkil V.İ.Anikuşkin ittiham olunan şəxsdə bədən xəsarətlərinin aşkar edilməsi məqsədilə onun tibbi baxışdan keçirilməsi, ona qarşı fiziki təzyiq tədbirlərinin görülməsi faktları üzrə xidməti yoxlamanın təşkil edilməsi barədə bir neçə vəsatət qaldırıb, eləcə də onun barəsində qətimkan tədbirinin dəyişdirilməsi dair apelyasiya şikayətini təqdim edib.
O.Zeynalovun diqqətinə çatdırılıb ki, səfirlik gələcəkdə də istintaqın gedişatı və cinayət işinə məhkəmə instansiyalarında baxılmasının 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiyası və 1995-ci il tarixli Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq konvensiyasının müvafiq müddəaları nəzərə alınmaqla, RF CM və Cinayət Prosessual Məcəllənin çərçivəsində obyektiv şəkildə təmin olunmasına dair səylər göstərəcək.
Teqlər: