Rusiya İdlibə zərbələri davam etdirir

Rusiya İdlibə zərbələri davam etdirir
  05 Sentyabr 2018    Oxunub:2184
Bu gün Rusiyaya məxsus 2 ədəd Su-34 bombardmançı təyyarəsi və çoxməqsədli Su-35S qırıcısı Suriyanın İdlib bölgəsinə davamlı hava zərbələri endiriblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, rus hərbi kosmik qüvvələri məhz İdlibdə sığınan “Cəbhət ən-Nüsrə” terrorçularının mövqelərinə zərbələr endiriblər.

Hava hücumu nəticəsində terrorçulara məxsus silah anbarlarında saxlanılan pilotsuz uçuş aparatları (PUA) və partlayıcı qurğular, o cümlədən, portativ zenit-raket kompleksləri məhv edilib. Konaşenkov vurğulayıb ki, bu PUA-lar Rusiyanın Suriyadakı Hmeymim aviabazasına, həmçinin Hələb və Həma əyalətlərindəki yaşayış məntəqələrinə hücumlar həyata keçirmək üçün istifadə olunub.

O da qeyd olunub ki, Rusiyanın hərbi kosmik qüvvələri mülki əhalinin ölümünə yol verməmək üçün yalnız terrorçuların əvvəlcədən təsdiqlənmiş, yaşayış məntəqələrindən uzaq dəqiq obyektlərinə zərbələr endiriblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   İdlib   Rusiya  





Xəbər lenti