“Taliban”ın iki komandiri öldürülüb

“Taliban”ın iki komandiri öldürülüb
  01 Sentyabr 2018    Oxunub:3353
Əfqanıstanda “Taliban” silahlı hərəkatının 2 komandiri ABŞ-ın başçılığı altındakı beynəlxalq koalisiya qüvvələrinin ölkənin cənub-şərqindəki Zabul əyalətinə endirdiyi hava zərbələri nəticəsində məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi Zabul əyaləti polis idarəsinin rəisi Məhəmməd Mustafa Mayara istinadən məlumat yayıb.

Qeyd olunur ki, koalisiya qüvvələrinin qırıcıları Kalat şəhəri yaxınlığındakı “Taliban” sığınacağına zərbələr endrib. Nəticədə talibançıların 2 komandiri – Molla Əsəd və Molla Sanqari öldürülüb, silahlı hərəkatın bir neçə üzvü yaralanıb.

Xatırladaq ki, ABŞ 2001-ci ildən etibarən Əfqanıstanda anti-terror hərbi əməliyyatlarına başlayıb. Daha sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq Əfqanıstanda təhlükəsizliyi təmin emək üçün ölkədə NATO-nun komandanlığı altında beynəlxalq missiya (ISAF) öz işinə başlayıb. ABŞ-ın başçılığı ilə koalisiya və ISAF Əfqanıstandakı “Taliban” silahlı hərəkatı və “Əl-Qaidə” terror təşkilatı ilə mübarizə aparır. 2014- cü ildə NATO ölkələrinin hərbi kontingenti Əfqanıstandan çıxarılıb və 2015-ci ilin 1 yanvarından etibarən hərbi əməliyyatlar qeyri-hərbi “Həlledici dəstək” misiyası ilə əvəzlənib.



“Taliban” hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndəhar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını “Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman “Taliban”ın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə edir.

Silahlı qruplaşmaya çevrilən “Taliban” hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən “Taliban” hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Taliban   Komandir  





Xəbər lenti