Gürcüstandan önəmli qərar - Ermənistan daha bir regional blokadaya salındı

Gürcüstandan önəmli qərar - Ermənistan daha bir regional blokadaya salındı
  29 Avqust 2018    Oxunub:5638
Sentyabrın 15-dən etibarən avtomobil nəqliyyatı ilə Gürcüstana buğda, yaxud buğda və çovdar ununun idxalı və ya bu məhsulların Gürcüstandan ixracı qadağan ediləcək.
AzVision.az “Tbilisskaya nedelya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri İvane Maçavariani sərəncam imzalayıb. Sərəncama əsasən, bundan sonra Gürcüstana yalnız dəmiryolu, yaxud dəniz nəqliyyatı vasitəsilə buğda və buğda-çovdar ununun idxal və ixracına icazə veriləcək. Bu ərzaqların avtomobil nəqliyyatıı vasitəsilə tranzitinə isə yalnız xüsusi hallarda və mütləq Maliyyə Nazirliyinin gəlirlər xidmətinin razılığı ilə icazə veriləcək.

Maçavarianinin sözlərinə görə, bu cür qadağaya səbəb Rusiya-Gürcüstan sərhəddindəki uzun avtomobil tıxaclarıdır.

“Gömrük-keçid məntəqələrində çox böyük tıxac və növbələr var. Turistlər keçə bilmirlər. Əlimizdə olan məlumata əsasən, uzun tıxaclar üzündən yüzlərlə maşın geri qayıtmağa məcbur olurlar. Xüsusən də, bu problem daha çox Lars keçid məntəqəsində müşahidə olunur.” – deyə, gürcü nazir “Rustavi2” telekanalının efirində bildirib. Vurğulayıb ki, taxıl məhsullarının idxal və ixracı üçün daha sivil yol var – dəmiryolu və dəniz nəqliyyatı. Maçavariani onu da əlavə edib ki, bu qadağa Gürcüstan iqtisadiyyatında heç bir uyğunsuzluq və bahalaşmaya səbəb olmayacaq.

Lakin gürcü biznesmenlər bu cür qərar qarşı çıxırlar. Onların fikrincə, yeni dəyişikliklər çörəyin qiymətini qaldıracaq və bu sahədə çalışan minlərlə insanı işsiz qoyacaq.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Gürcüstandan 1,3 milyon dollar dəyərində buğda ixrac olunub. İdxal olunan məhsulun dəyəri isə 62,4 milyon dollar olub. Onun da bir hissəsi gürcüstan vasitəsilə Ermənistana göndərilir.

Bu baxımdan, Tbilisinin bu qərarı Ermənistanda ciddi narahatlıq doğurub. Erməni ekspertlər taxıl məhsullarının idxalında Ermənistanın blokadaya düşdüyünü bildirirlər. Dənizə çıxışı olmayan və dəmiryolu nəqliyyatının demək olar ki, inkişaf etmədiyi Ermənistan yalnız Gürcüstan vasitəsilə, özü də məhz Şimali Osetiyadakı Yuxarı Lars avtomobil gömrük-keçid məntəqəsi vasitəsilə Rusiya və digər ölkələrdən taxıl və başqa məhsullar idxal edir. Həyəcan təbili çalan erməni ekspertlər Gürcüstanın qoyduğu qadağa nəticəsində Ermənistanda bahalaşma və inflyasının artacağını, taxıl idxalı sahəsində inhisarçılığın yaranacağını bildirirlər.

Bununla da, işğalçı siyasətinə görə onsuz da regionda iqtisadi-ticari təcrid vəziyyətinə düşən Ermənistan daha bir blokadaya salınacaq.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Gürcüstan   Rusiya   Lars  





Xəbər lenti