ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı konsert - FOTOLAR

ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı konsert - FOTOLAR
  24 Avqust 2018    Oxunub:2361
ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərinin tarixi Müqəddəs Con Lüteran Kilsəsində (Saint John`s Lutheran Church) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan AzVision.az-a verilən məlumata görə, konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova və pianoçu Aida Elxanzadənin ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib.



Baş Konsulluğun dəstəyi və Sakramentoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.



Konsertdən öncə çıxış edən Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarova qonaqları salamlayaraq, bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniyanın paytaxtında keçirilməsindən çox məmnun olduğunu bildirib. O, Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verərək ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.



Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun konsulu Orxan Rüstəmli Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, 100 il əvvəl, 28 may 1918-ci il tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan AXC-ni yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. O.Rüstəmli, həmçinin ölkəmizin zəngin mədəniyyəti və incəsənəti, xüsusilə Azərbaycan klassik musiqisi barədə danışaraq Azərbaycanın müsəlman dünyasında ilk opera, operetta və baletin vətəni olduğunu vurğulayıb.



Daha sonra azərbaycanlı musiqiçilər M.Hüseynova və A.Elxanzadənin ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri təqdim olunub. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.





AzVision.az


Teqlər: ABŞ   AXC   Konsert  





Xəbər lenti