Kiyevdən ABŞ-a xəyanət – Hərbi yardım dayandırıla bilər

Kiyevdən ABŞ-a xəyanət  – Hərbi yardım dayandırıla bilər
  17 Avqust 2018    Oxunub:1405
Amerikalı ekspertlər ABŞ-dan Ukraynanı cəzalandırmağı tələb edirlər. Səbəb isə Kiyevin Vaşinqtona xəyanət edərək Çinə Ukrayna istehsalı olan hərbi mühərriklər satmasıdır.

AzVision.az “The Washington Times”a istinadən xəbər verir ki, ABŞ senatının beynəlxalq əlaqələr komitəsinin keçmiş məsləhətçisi Uilyam Triplett Ukraynanın ABŞ-ın rəqibi olan Çinə reaktiv mühərriklər satmasını Amerika dəniz donanmasının kürəyindən zərbə vurulması kimi dəyərləndirib.
“ABŞ-ın hərbi yardım formasında Ukraynaya 250 milyon dollar ayırması fonunda Kiyev özünün istehsal etdiyi aviasiya mühərriklərini Pekinə sataraq, Vaşinqtonun əsas hərbi və iqtisadi rəqiblərindən biri elan olunan Çinin hərbi potensialını gücləndirir. Olduqca maraqlı kolliziya yaranır və əminəm ki, bu, ABŞ Konqresi və Tramp administrasiyasının diqqətindən yayınmayacaq”, – deyə Triplett bildirib.

Onun fikrincə, bu cür ikili siyasi oyun Ukrayna üçün ciddi nəticələrə səbəb ola bilər. Hətta ABŞ-ın bu ölkəyə hərbi yardımı da dayandırıla bilər: “Öz üzərinə götürdüyü öhdəliklərə məhəl qoymadan Poroşenko bütün iri beynəlxalq oyunçulardan bəhrələnməyə çalışır. Əgər Konqres ABŞ-ın təhlükəsizliyinə məsuliyyətlə yanaşırsa, o zaman Ukraynanın silahlandırılmasına vəsait ayrılmasını ləğv etməli və bu ölkəyə hərbi yardım proqramını dondurmalıdır”.

“International Strategy and Assessment Center”in (Beynəlxalq Strategiya və Qiymətləndirmə Mərkəzi) eksperti Rik Fişer isə bildirib ki, ABŞ rəhbərliyi Çinə müharrik satışını dayandırması üçün Kiyevə ciddi təzyiq göstərməlidir.

Qeyd edək ki, 2016-cı ildə Ukraynanın “Motor Siç” şirkətilə Pekin arasında imzalanan müqaviləyə əsasən, Kiyev Çinin “JL-10” hərbi-təlim təyyarələri üçün 380 milyon dollar dəyərində olan 250 mühərrik verməlidir. Artıq onlardan 20-si təhvil verilib.

Xatırladaq ki, ABŞ-ın 716 milyard dollarlıq 2019-cu il hərbi büdcəsində Ukraynaya müdafiə məqsədilə 250 milyon dollar hərbi yardımın ayrılması nəzərdə tutulub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   Çin  





Xəbər lenti