AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, oktyabrın 19-u saat 19:25-də FHN-in "112" qaynar telefon xətinə Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzində yanğın olması haqqında məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanıb. Ticarət mərkəzinin qalan hissəsi və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.
Yanğın zamanı xilasedicilər yanğınsöndürənlərin xidməti işinə kömək məqsədi ilə geniş təxliyyə əməliyyatı həyata keçirib, vətəndaşlar təhlükəsiz məsafəyə uzaqlaşdırılıb. Həmçinin, xilasedicilər tüstüdən zəhərlənmiş 16 nəfər vətəndaşı hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.