Qusardakı faciəvi insident saxta fətva ucbatından olub
Bildirilib ki, hadisədən dərhal sonra polis tərəfindən saxlanılan Edik Rüstəmov polisə verdiyi ifadəsində qeyd edib ki, təxminən bir ay əvvəl S. Mustafayevin oğlu Sahib ilə arasında mübahisə düşüb. Ata ilə oğul arasında düşən mübahisəyə səbəb Sadir Mustafayevin qazancı ilə bağlı olub. Radikal dini təriqətin üzvü olan Sahib atasına onun qazandığı pulların haram olduğunu deyərək irad tutub. O, həmçinin atası ilə olan söhbətlərini dini baxışları üst-üstə düşən dostları ilə də bölüşüb. Sahibin atasının qazandığı pulların “haram” olduğu qənaətinə gələn dostlar S. Mustafayevin qanunsuz yollarla qazandığı pulları mənimsəmək qərarına gəliblər.
Qeyd edək ki, oktyabrın 16-sı saat 08.00 radələrində Qusar şəhərində naməlum şəxs şəhər sakini, valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manatı qarət yolu ilə ələ keçirib.
“İsti iz”lərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Edik Rüstəmov müəyyən edilərək saxlanılıb.
Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıb, bu zaman orada E. Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sonrakı əməliyyat tədbirləri ilə silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilib.
Hazırda ağır cinayət törədərək hadisə yerindən qaçan həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, pul dəyişmə məntəqəsinin haram qazanc olması barədə heç bir təriqətdə fətva yoxdur. Saxta fətvanı cinayəti törətmək istəyənlər verib.
Teqlər: