“Brexit” böhranı: Nazirlər istefa ilə hədələndi

“Brexit” böhranı: Nazirlər istefa ilə hədələndi
  07 İyul 2018    Oxunub:3705
Böyük Britaniyanın baş naziri Tereza Mey söz verib ki, əgər ölkənin Avropa İttifaqından (Aİ) rahat yolla çıxışına dair onun planını pozmağa çalışsalar, xarici işlər naziri Boris Consonu və digər nazirləri istefaya göndərəcək.

AzVision.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
“Brexit üzrə mövqeyimizi işləyib hazırlayarkən Nazirlər Kabinetindəki həmkarlarıma öz şəxsi mövqelərini ifadə etmələrinə icazə verdim. Amma indi təkliflərin razılaşdırıldığı bir vaxtda, hər şey fərqlidir – kollektiv məsuliyyət daşımağın zamanı yetişib”, – deyə qəzet Meyin sözlərini sitat gətirib.

Böyük Britaniya hökuməti Londonun “Brexit”lə bağlı ümumi mövqeyi barədə razılığa gəlmişdi. Müzakirələrin yekununda baş nazir Tereza Mey bəyan etmişdi ki, London azad ticarət zonasının yaradılması və gələcək ikitərəfli ticarət mübadiləsində məhdudiyyətlərin tətbiq edilməyəcəyi sənaye və kənd-təsərrüfatı məhsullarının siyahısının hazırlanması barədə Avropa İttifaqına təklif verəcək.



Lakin Meyin bu proqramı hökumətdə Britaniyanın vahid Avropa bazarından çıxması üzrə daha sərt yanaşma tərəfdarlarını, xüsusən də xarici işlər naziri Boris Consonu qane etməyib. Onların fikrincə, bu cür planın reallaşdırılması Britaniyanın Aİ-dan asılılığını saxlayacaq və yerli sahibkarlara ziyan vuraraq ticarətdə qlobal korporasiyaları üstünlüklərlə təmin edəcək.

Meyin "Brexit" siyasətini dəfələrlə tənqid edən, onun Aİ ilə “yumşaq gömrük razılaşmasını” dəlilik adlandıran Consonun fikrincə, baş nazir ölkənin maraqları məsələsində daha sərt olmalıdır. Bunun üçün Conson, hətta ABŞ prezidenti Donald Trampı Meyə nümunə gətirib.

Qeyd edək ki, Londonun "Brexit" üzrə strategiyası rəsmi şəkildə gələn həftə dərc lunacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Britaniya   Avropa   Brexit   ABŞ  





Xəbər lenti