Polşada MiQ-29 qəzaya uğradı

Polşada MiQ-29 qəzaya uğradı
  06 İyul 2018    Oxunub:4961
Polşa hərbi hava qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb.
AzVision.az bildirir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 22-ci taktiki aviasiya bazasına məxsus qırıcı təyyarə Varminsk-Mazursk hərbi dairəsində gecə uçuşu yerinə yetirərkən qəza edib. Pilot qəza anından əvvəl katapult vasitəsilə təyyarədən çıxmağı bacarsa da, sağ qalmayıb. Təyyarənin qalıqları Sakuvko şəhəri yaxınlığında tapılıb. Qəzanın səbəbləri barədə məlumat verilməyib.

Polşa Müdafiə Nazirliyinin məlumatına əsasən, pilot olduqca təcrübəli biri idi – 850 saatdan çox uçuş həyata keçirmişdi ki, onun da 600-ü MiQ-29-da gerçəkləşib. Həmçinin, milli və beynəlxalq təlimlərin aktiv iştirakçısı olub. Polşa müdafiə naziri Mariuş Blaşçak tvitter səhifəsində yazıb ki, mərhum pilotun ailəsinə dövlət tərəfindən dəstək göstəriləcək. Onu da əlavə edib ki, bu qəzadan sonra Polşada MiQ-29 qırıcılarının uçuşu dayandırılıb.

TVN telekanalı isə bildirib ki, MiQ-29-un qəzaya uğramasının səbəbi, ağaca çırpılması olub. Nəticədə təyyarə yaşayış evlərindən bir neçə yüz metr aralıda yerə düşüb.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Polşa   Miq-29  





Xəbər lenti