ABŞ-ın Ermənistandan 100 milyonluq “demokratiya” tələbi

ABŞ-ın Ermənistandan 100 milyonluq “demokratiya” tələbi
  05 İyul 2018    Oxunub:4352
Ermənistanın baş nazir Nikol Paşinyan hazırda ölkəsinin ABŞ-ın “Minilliyin çağırışları” korporasiyasının siyahısına düşməsi üçün bütün vasitələrə əl atır.
“Minilliyin çağırışları” 2004-cü ildə ABŞ prezidenti tərəfindən yaradılan dövlət korporasiyasıdır. Qurumun məqsədi dünyanın ən kasıb ölkələrinin iqtisadi inkişafı üçün maliyyə yardımı etməkdir. Lakin korporasiyanın yardım proqramına düşmək üçün ölkələr irəli sürülən 20 göstərici üzrə uyğun gəlməlidirlər. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan onlardan 7-nə qətiyyən cavab vermir.

İrəvan əvvəllər “Minilliyin çağırışları” korporasiyasından maliyyə yardımı alıb. Amma 2008-ci il prezident seçkilərindən sonra dinc etirazçılara qarşı hökumətin mart qırğınını həyata keçirməsi Ermənistanın yardım proqramından çıxarılması ilə nəticələnib. Sabiq prezident Serj Sarkisyan ABŞ-ın ölkəsinə yardımı bərpa etməsi üçün dəfələrlə çalışsa da, bütün cəhdləri fiaskoya uğrayıb.



Ermənistanda həyatın bütün sahələrinə siraət edən korrupsiya halları, olduqca aşağı demokratik göstəricilər, siyasi məhbuslar məsələsi, ölkəni idarə edən tək partiyanın bütün sahələrdə - iqtisadi, siyasi, enerji və sosial sferalarda uğursuzluğa düçar olması kimi amillər “Minilliyin çağırışları” korporasiyasının İrəvana ayırdığı ianənin dayandırılmasına səbəb olub.

İndi isə Serj Sarkisyanın istefası ilə nəticələnən “məxməri inqilab”dan sonra Ermənistanın “demokratiya”ya qayıdışını sübut etməyə çalışan baş nazir Nikol Paşinyan diaspor və ABŞ səfirliyi vasitəsilə ölkəni yenidən “Minilliyin çağırışları” korporasiyasının siyahısına salmağa çalışır. Çünki Ermənistanın son illərdəki iqtisadi inkişafı ilə bağlı deyilənlərin mif olduğunu hökumət özü də etiraf edib.

Ermənistanın maliyyə naziri Atom Dcandjuqazyanın fikrincə, 2017-ci ildə ölkənin dövlət borcu 6,675 milyard dollar təşkil edib. 2018-ci ildə bu borcun 7 milyard dollara çatacağı istisna edilmir. Dcandjuqazyan etiraf edib ki, ölkəyə investisiya yatırımı olduqca zəifdir və minimum səviyyədə olan xarici sərmayələr Ermənistanın iqtisadi problemlərinin həlli üçün yetərli deyil.

Erməni KİV-ləri yazır ki, bu səbəbdən əhaliyə söz verdiyi “iqtisadi bum”a nail olmaq üçün Paşinyanın “Minilliyin çağırışları” korporasiyasının verəcəyi 100 milyon dollara böyük ehtiyacı var.



Həmin məbləğin ayrılması üçün artıq ABŞ-dakı erməni lobbisi və diasporu da fəaliyyətə keçib. ABŞ Konqressinin erməni əsilli xanım üzvü Ceki Kançelyan-Şpeyer amerikalı konqressmenlər arasında geniş təbliğata başlayıb. O, “Amerikanın səsi”nə verdiyi müsahibədə bildirib ki, ABŞ icra hakimiyyəti və Konqress səviyyəsində “Minilliyin çağırışları” tərəfindən Ermənistana böyük məbləğdə yardım ayrılması barədə müzakirələr keçirilib. Razılıq alınmasının çətin olacağını desə də, erməni əsilli konqressmen Ermənistana 100 milyon dollar ayrılacağına əminliyini və nikbinliyini gizlədə bilməyib. Hətta İrəvanın xaricdən enerji asılılığına son qoymaq üçün İlon Maskı, yüksək texnologiyaların inkişaf etdirilməsi üçünsə Mark Zukerberqi Ermənistana göndərməyi təklif edib.



Lakin İrəvanın və erməni disporunun aktiv gedişlər etdiyi bir vaxtda dünən ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bəyan edib ki, əgər Ermənistan gələn il “Minilliyin çağırışları” korporasiyasının yardım proqramına düşmək istəyirsə, ölkə irəli sürülən kriteriyalara cavab verməlidir. Bunun üçünsə, Ermənistan korrupsiya ilə mübarizədə ciddi nəticələr göstərməli, mətbuat və siyasi azadlıqlar tam təmin edilməlidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   “Minilliyinçağırışları”  





Xəbər lenti