Separatçı liderdən “imtiyaz” tələbi

Separatçı liderdən “imtiyaz” tələbi
  02 İyul 2018    Oxunub:2607
İspaniyanın Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karlos Puçdemon dövlətə qarşı üsyanda ittiham edilməsinə baxmayaraq, Barselonadakı hakimiyyətdən muxtariyyətin keçmiş rəhbərləri üçün nəzərdə tutulan imtiyazların ona da verilməsini tələb edib.
AzVision.az xəbər verir ki, bu barədə Kataloniyanın Rac1 radiosu məlumat verib. Bildirilib ki, Puçdemon Kim Torranın başçılıq etdiyi Kataloniya hökumətindən onun ofisinin saxlanılması və 3 əməkdaşın işə götürülməsi, maşın, sürücü və onun müdafiəsinin təşkili üçün muxtariyyətin büdcəsindən pul ayrılmasını istəyib.

Bununla belə, Puçdemon Kataloniyanın sabiq rəhbərlərinə təyin olunan aylıq ödənişi tələb etməyib. Hesab edib ki, deputat mandatı qüvvədə qaldığından həmin vəzifədən aldığı maaş ona başqa ödəniş almağa mane olur.

Qanuna uyğun olaraq, Kataloniyanın sabiq rəhbərlərinə onların əvvəlki maaşlarının 80 faizi ödənilir.

Kataloniya hökuməti isə hazırda Puçdemonun bu istəyini nəzərdən keçirir. Almaniyada olan Puçdemonun özü isə məhkmənin onun İspaniyaya ekstradisiyası ilə bağlı qərar verib-verməyəcəyini gözləyir.

Xatırladaq ki, Kataloniyanın İspanyadan ayrılıb müstəqil dövlət olması üçün muxtar regionun lideri Karlos Puçdemonun qərarı ilə ötən il oktyabrın 1-də referendum keçirilib. İspaniya mərkəzi hökuməti bunun konstitusiyaya zidd olduğunu deyərək, prosesə mane olmağa çalışıb və referendumun nəticələrini tanımayıb.

Baş nazir Mariano Raxoy Puçdemonu Kataloniyanın rəhbəri vəzifəsindən kənarlaşdırıb. Dövlətə qarşı qiyamda ittiham olunan Puçdemon həbsdən yaxa qurtarmaq üçün oktyabrın sonunda Belçikaya, oradan isə bu ilin martında Almaniyaya qaçıb. Almaniyada əvvəlcə həbs olunsa da, ölkə ərazisini tərk etməmək şərti altında zaminlə azadlığa buraxılıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İspaniya   Kataloniya  





Xəbər lenti