Saakaşvili Gürcüstanın siyasi həyatına qayıdır
AzVision.az bildirrir ki, “Rustavi 2” telekanalının efirində çıxış edən Saakaşvili bunun səbəbini Gürcüstanın siyasi həyatında yenidən iştirak etmək imkanı qazanmaq istəyilə izah edib.
O, iddia edib ki, gürcü vətəndaşlığını qanun pozuntularına yol verməklə əlindən alıblar. “Niyə qeyri-hökumət təşkilatları prezident seçkilərində mənə iştirak hüququ verilməməsi barədə susurlar?”, – deyə Saakaşvili sual edib.
Gürcüstan rəhbərliyi isə sabiq prezidentin iddialarını əsassız adlandırıb. Qeyd olunub ki, Saakaşvili son illər ərzində ilk dəfə gürcü pasportu əldə etmək istəyini bildirib, amma onu da “təhqiramiz bəyanatla” tələb edib.
“Saakaşvili yaxşı bilir ki, prezident Marqvelaşvili onun gürcü vətəndaşlığını əlindən almayıb. Saakaşvili tamamilə dərk edərək, gürcü vətəndaşlığını şəxsən özü Ukrayna vətəndaşlığına dəyişib. Özü də, bütün bu müddət ərzində bir dəfə də olsun vətəndaşlığının bərpa edilməsi üçün müraciət etməyib”, – deyə Gürcüstanın prezident administrasiyasının rəhbəri Georqi Abaşişvili bəyan edib.
Qeyd edək ki, Saakaşvili 2015-ci ildə Ukrayna pasportu aldıqdan sonra gürcü vətəndaşlığını itirib. Gürcüstanın əvvəlki qaydalarına uyğun olaraq, başqa ölkənin vətəndaşlığını alanlar avtomatik formada Gürcüstan vətəndaşlığından məhrum olurdular. Lakin istisna kimi, ikili vətəndaşlıq üçün prezidentə müraciət edə bilərdilər. Bu ilin martında qəbul olunan qanun dəyişikliyinə görə, Gürcüstanda ikili vətəndaşlığa icazə verilib.
Leyla Elbrusqızı
AzVision.az