Ərdoğanın partiyası MHP-ni yalanladı

  02 İyul 2018    Oxunub : 2040
Ərdoğanın partiyası MHP-ni yalanladı
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və partiyanın sözçüsü Mahir Ünal İYİ partiyasının rəhbəri Meral Akşənərə Ərdoğan administrasiyasında prezidentin köməkçisi (vitse-prezident) vəzifəsinin təklif olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
AzVision.az bildirir ki, "Anadolu" agentliyinə verdiyi açıqlamada Ünal son günlər Türkiyə KİV-də Akşənərə Ərdoğanın köməkçisi postunun təklif edilməsilə bağlı iddiaların gəzməsinə münasibət bildirərək, belə bir ehtimalın ümumiyyətlə müzakirə mövzusu olmadığını vurğulayıb.

“Heç bir şəkildə, hansısa "prezident köməkçisi təklifi göndərilib" kimi bir vəziyyət gündəmə gəlməyib, bu haqda söhbət aparılmayıb. Gündəmimizdə belə bir müzakirə mövzusu yoxdur. Adətən, mətbuat və media orqanlarında bu cür xəbərlərin yayıldığını biz də görürük.” – deyə Ünal bildirib.



Bundan əvvəl İYİ partiyasının sözçüsü Aytun Çıray da prezident üsul-idarəsi sistemində Akşənərə Ərdoğanın köməçisi olmaq təklifinin göndərilməsinə dair yayılan iddiaların həqiqəti əks etdirmədiyini bəyan etmişdi. Akşənərin yaxın ətrafı isə, iddia olunan vitse-prezidentlik təklifi və Akşənərin bu təklifə müsbət reaksiya verməsilə bağlı şayiələrin Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvləri tərəfindən yayıldığını bildiriblər.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Türkiyə   AKP   MHP   İYİpartiya