Erməni katolikos etirazçılara xəbərdarlıq etdi

Erməni katolikos etirazçılara xəbərdarlıq etdi
  29 İyun 2018    Oxunub:2112
Bütün ermənilərin katolikosu II Qaregin ona qarşı etiraz edənləri və aksiya təşkilatçılarını sabah kilsə qarşısında görünməməyə çağırıb.

AzVision.az xəbər verir ki, bu barədə o, yaydığı video müraciətində xəbərdarlıq edib.
Bildirib ki, 30 iyunda erməni kilsəsi 12 həvari bayramını qeyd edəcək. Bu səbəbdən II Qaregini dəstəkləyənlər Eçmiədzin kilsəsinə toplaşacaqlar. Gərgin və emosional vəziyyətdə mümkün qarşıdurmadan və mənfi nəticələrdən qaçmaq üçün erməni katolikosu etirazçıları sabah ona qarşı aksiyası keçirmək təşəbbüsündən vaz keçməyə çağırıb.

“Təxribatçı fəaliyyətlar erməni kilsəsi və ona ibadət edənlərin nüfuzuna kölgə sala bilər” – deyə II Qaregin bildirib.

Qeyd edək ki, artıq bir aydır erməni apostol kilsəsinin bir sıra keşişləri etiraz aksiyaları təşkil edərək, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər. Eçmiədzin kilsəsində çalışan keşişlər oranın rəhbəri olan II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan edirlər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. Etirazçılar sabah da aksiya keçirəcəklərini bəyan ediblər. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib.

Xatırladaq ki, Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   kilsə   aksiya  





Xəbər lenti