ABŞ 70 ildən sonra gözlənilməz addım atdı

ABŞ 70 ildən sonra gözlənilməz addım atdı
  29 İyun 2018    Oxunub:1999
ABŞ Cənubi Koreyanın paytaxtı Seul şəhərindəki 70 illik hərbi mövcudluğuna son qoyub. Bu gün keçirilən mərasimdə Seuldakı amerikan hərbi kontingentinin Şimali Koreya artilleriya məsafəsindən daha uzağa çəkilərək yeni qərargaha daşınması qeyd olunub.

AzVision.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
ABŞ hərbçilərinin Cənubi Koreyadakı yeni bazası Pyonqtekdəki Hamfris düşərgəsində yerləşəcək. Baza paytaxt Seuldan 70 kilometr aralıda yerləşir. Vaşinqtonun Cənubi Koreyadakı hərbi kontingentini Şimali Koreya ilə sərhəddən bir qədər uzaqlaşdırmaq qərarı Sinqapur sammitindən sonra Koreya yarımadasında nüvəsizləşmə və sülhə dair əldə olunan yeni və kövrək razılaşmadan irəli gəlir. Lakin Vaşinqtonun bildirdiyinə görə, bu məsələ çoxdandır ki, planlaşdırılırdı və artıq ABŞ hərbi bazasının əksər hissəsi yeni məkana köçürülüb. Seulda qalan azsaylı hissə isə ilin sonunadək yeni bazaya daşınacaq.

Seuldan köçürülmə əməliyyatı Cənubi Koreyadakı ABŞ hərbi bazasının və 28 min 500 amerikalı hərbçinin iki əsas qovşaqda – şimaldakı Pyonqtek və cənub-şərqdəki Dequ şəhərlərində yerləşdirilməsi planının bir hissəsidir.

Tədbirdə iştirak edən Cənubi Koreyadakı ABŞ hərbi qüvvələrinin komandanı, general Vinsent Bruks bildirib ki, bu planla onlar təhlükəsizlik məqsədilə sıx məskunlaşan ərazilərdən uzaqlaşmağı, effektivlik, çeviklik və hərbi hazırlığı təkmilləşdirmək istəyirlər.

ABŞ hava məkanına yaxın yerləşən Pyonqtekdəki 1420 hektarlıq Amerikan hərbi bazanın tikintisi üçün 11 milyard dollar vəsait xərclənib. Bu məbləğin 90 faizini Cənubi Koreya ödəyib. Pyonqtekdəki Hamfris bazası hazırda ABŞ-ın ölkə hüdudlarından kənardakı ən geniş hərbi bazasıdır. Cənubi Koreya prezidenti vurğulayıb ki, bu baza Vaşinqton-Seul müttəfiqliyinin təməl daşıdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya   hərbibaza  





Xəbər lenti