Pensiyalara görə MDB-də üçüncüyük

Pensiyalara görə MDB-də üçüncüyük
  08 Oktyabr 2013    Oxunub:1377
Səlim Müslümov: Azərbaycanda pensiyaların baza hissəsi müqayisəli ifadədə 128 dollar təşkil edib ki, bu da MDB məkanında 3-cü göstəricidir
2013-cü ilin 9 ayında ölkədə müşahidə olunan makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində bir çox keyfiyyət dəyişikliklərinə səbəb olub. Trend-in məlumatına görə, oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, bu ilin 9 ayında ölkədəki iqtisadi inkişafa uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun gəlirləri sürətlə artıb və 1 milyard 978 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz və ya 144 milyon manat çoxdur. Sosial sığorta gəlirləri əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 12 faiz artaraq 1 milyard 120 milyon manata çatıb. İşləyənlərin və onların maaşlarının qeydiyyatı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun müvafiq təşkilatlarla birgə işi nəticəsində 600 min nəfər əlavə qeydiyyata alınıb və sığorta olunan şəxslərin sayı 2 milyon 630 min nəfəri ötüb.

S.Müslümov qeyd edib ki, cari ilin 9 ayında Fondun xərcləri 1 milyard 890 milyon manat olub ki, bunun da 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib: "Pensiyaların vaxtında maliyyələşdirilməsini təmin etmək məqsədilə Dövlət Sosial Müdafiə Fondu Maliyyə Nazirliyi ilə birlikdə aylıq ödəniş qrafikini təsdiq edib və bu qrafikə uyğun olaraq pensiyaların maliyyələşdirilməsi tam başa çatdırılıb. Bundan əlavə, yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib. Əmək pensiyalarının baza hissəsinin artırılması, o cümlədən sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı imzalanan müvafiq sərəncamlara əsasən qulluq stajına görə pensiyasına əlavə alan şəxslər istisna olmaqla, qalan 1 milyon 209 min nəfərin pensiyasının baza hissəsi sentyabrın 1-dən 17,6 faiz artırılaraq 100 manata çatdırılıb. Güzəştli kateqoriyaya aid 146 min nəfərin pensiyasının baza hissəsinə daha çox, yəni 16,5 manatdan 37,5 manata qədər artım tətbiq edilib. Beləliklə, sentyabrın 1-dən Azərbaycanda pensiyaların baza hissəsi müqayisəli ifadədə 128 dollar təşkil edib ki, bu da MDB məkanında 3-cü göstəricidir. Bu artımlardan sonra Fondun əhaliyə aylıq ödənişlərinin həcmi 221 milyon manata çatıb".

DSMF sədri vurğuladı ki, hazırda fondun uçot sistemində ölkənin əmək qabiliyyətli əhalisinin 44 faizinin, məşğul əhalisinin isə 60 faizinin fərdi şəxsi hesabı vardır. O da qeyd olundu ki, bu ilin iyul ayında Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatına başlanıb. Pensiya yaşına çatmış vətəndaş heç bir orqana getmədən və heç bir sənəd təqdim etmədən Fondun "Mərkəzi Çağrı Sistemi"nə zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini söyləməklə ona avtomatik olaraq pensiya təyin edilir və vətəndaşa təyin olunan pensiyanın məbləği və plastik pensiya kartını ala biləcəyi tarix və müvəkkil bankın ünvanı bildirilir. Eyni zamanda, vətəndaşa müvafiq məlumatlar çap olunaraq üzərində onun şəkli də olan rəsmi bildiriş göndərilir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına səbəb olub. İki aydan bir qədər az vaxt ərzində 500 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb ki, bunlardan 170-i Bakıda, 330 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlardır.

S.Müslümov onu da dedi ki, pensiya təyinatının avtomatlaşdırılması davamlı pensiya islahatı tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya təyinatı alqoritminin sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotunun təşkili, sistemdə Avropa standartlarına uyğun müasir infrastrukturun qurulması, fondun serverlərində nadir məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir: "Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb, şöbələr üçün yeni inzibati binalar tikilib, hər bir şöbədə lokal şəbəkələrin yaradılması işi davam etdirilib, bu şəbəkələr fiber-optik kanallarla mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı artırılıb və "elektron hökumət" portalının statistikasına əsasən Fondun göstərdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlər sırasına daxil olub. Bu ilin 8 ayında 84 min nəfərdən çox şəxs "elektron hökumət portalı" vasitəsilə bu xidmətlərdən istifadə edib. Bununla da 2013-cü ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi tədbirlər sayəsində ölkədə aparılan pensiya islahatlarında mühüm nailiyyətlər əldə edilib".


Teqlər:  





Xəbər lenti