Ölkəyə qanunsuz silah keçirənlər yaxalanıb

Ölkəyə qanunsuz silah keçirənlər yaxalanıb
  04 Oktyabr 2013    Oxunub:4643
Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz silah gətirilməsinin qarşısını alıb.
AzVsison.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Antalya-Bakı aviareysinin sərnişini, Azərbaycan vətəndaşı İbrahim Rüstəmova məxsus əl yükündən metaldan hazırlanmış iki “beşbarmaq”, İstanbul-Bakı aviareysinin sərnişini Qafar Baxşıyevdən isə əsanın içərisində yerləşdirilmiş, tiyəsinin uzunluğu 305 millimetr olan xəncər aşkarlamışlar.

Bu cür faktlara Xaçmaz Gömrük İdarəsinin sərhəd gömrük keçid məntəqələrində də rast gəlinib. Belə ki, Rusiya Federasiyası istiqamətindən “Şirvanovka” gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Tərlan Hacıyevdən 4,5 mm kalibrli “Gietcher” markalı tapança, tapançada istifadə olunan 5 ədəd qaz balonu, 400 qrama yaxın qırma, Həmçinin Azərbaycandan Rusiya Federasiyasına gedən bu ölkənin vətəndaşı Axmed Pirmaqomedovun idarə etdiyi “Ford Fokus” markalı H 734 AE 05 dövlət nömrə nişanlı avtomobildə 7 ədəd 9 mm kalibrli rezin başlıqlı güllə aşkarlanıb. “Samur” gömrük postunda Rusiyadan gələn “Neoplan” markalı 90 FN 056 dövlət nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı Azərbaycan vətəndaşı İsmayıl Cəbiyevdən 75 ədəd 16 kalibrli ov patronlarının gilizləri və 800 ədəd ov patronlarının pistonları, “VolksvagenGrafter” markalı 57 BT 675 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Azərbaycan vətəndaşı Muxtar Bağırovdan optik nişangah, İspaniya istehsalı olan 4,5 kalibrli tüfəng və qırma, 15 ədəd boş giliz aşkar olunub.

Qadağan olunmuş belə əşyaları gömrük sərhədindən keçirməyə cəhd göstərən şəxslər verdikləri izahatlarda müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışıb. Dövlət Gömrük Komitəsi xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən “beşbarmaq”, habelə kəsici-deşici, insan sağlamlığına ciddi təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən digər əşyalar soyuq silah hesab olunur. Bu əməllərə görə inzibati məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti