Sarkisyan bu gedişlə “Ginnes”ə düşəcək
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Xocalı soyqırımı ilə bağlı sualı Sarkisyanı çaşbaş salmışdı. O, riyakarcasına sualdan yayınmağa, qatil olmadığını sübut etməyə cəhd edirdi. Anlamırdı ki, artıq dünya onun cəfəng fikirlərinə inanmır, danışdığı yalanlar real faktlar qarşısında acizdir.
Sarkisyan, həmçinin çıxışında deyib ki, Ermənistan guya Dağlıq Qarabağ münaqişəsinin həllinə can atır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çoxdan çatıb: “Danışıqlar prosesinə təsir edən məqamlardan biri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşlər zamanı əldə olunan razılaşmaların həyata keçirilməməsidir. Ona görə də hazırda əsas olan münaqişə tərəfləri arasında inam mühitinin yaradılmasıdır”.
Sarkisyan Ermənistanın Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu desə də, real mənzərə tamam başqadır. İrəvanın illərdir sərgilədiyi qeyri-konstruktiv mövqe münaqişənin həllində ən böyük maneədir. Ermənistan münaqişənin həllində yox, hazırki status-kvonun saxlanılmasında maraqlıdır.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli AzVision.az-a bildirib ki, AŞPA yeganə Avropa təşkilatıdır ki, Ermənistanı təcavüzkar dövlət kimi elan edib. İndi təcavüzkar dövlətin başçısı orada çıxış edir və guya Azərbaycanın danışıqları pozduğundan danışır. Eyni zamanda millət vəkillərinə və jurnalistlərə fikir bildirməsi üçün şərait yaradılmır.
“Soruşmaq lazımdır ki, Azərbaycan danışıqların hansı mərhələsində, hissəsində, yaxud hansı davranışları ilə danışıqları pozur? Ermənistana deyirlər ki, işğala son qoy, əsgərlərini oradan çıxar. Ona görə də belə bir iddia irəli sürmək üçün Ermənistan əvvəlcə işğala son qoysun”.
Azərbaycanın təcavüzə məruz qalan ölkə olduğunu qeyd edən politoloq vurğulayıb ki, danışıqlarda rəsmi Bakıdan konstruktivlik, kompromis gözləməyin özü həyasızlıqdır:
“Azərbaycanın ilk tələbi budur ki, qoşunlar işğal edilmiş ərazilərdən çıxsın. Bu, bütün dünya praktikasında sınaqdan çıxmış, hamıya qarşı tətbiq olunmuş metoddur. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək istəyir. Bu məsələdə Azərbaycan nəyin ziddinə gedir, nəyi pozur? AŞPA tribunasında həyasızlıq edən, primitiv formada baxışlarını şərh etməyə çalışan keçmiş təsərrüfat işçisinin belə səviyyəsiz danışığına deputatlar ciddi reaksiya verməli idilər. Təəssüflər olsun ki, bunun üçün şərait yaradılmadı. Adətən belə situasiyalarda erməni tərəfinin çıxışından sonra Azərbaycan tərəfinin nümayəndəsinə öz fikirlərini bildirməsi üçün şərait yaradılmalı idi. Hesab edirəm ki, burada birinci təqsirkar AŞPA-dır. Çünki, işğalçıya meydan verir və onun meydan sulamasına şərait yaradır. İkinci isə reqlamentin düzgün tərtib edilməməsidir. Heç olmasa Azərbaycan nümayəndə heyətinin sədrinə bu çıxışa qarşı alternativ baxışları şərh etməsi üçün şərait yaradılmalı idi. Amma, bu, baş vermədi”.
Q.Hüseynli deyib ki, Ermənistanın özündə bəzi politoloqlar Sarkisyanın bu fikirlərini sərt tənqid ediblər: “Ermənistan tərəfi istər danışıqlar prosesində, istər beynəlxalq təşkilatlarda öz əxlaqsızlığı, tərbiyəsizliyi, qeyri-səmimiliyi ilə həmişə fərqlənib. Sarkisyan bir daha bunu nümayiş etdirdi. Sarkisyanın ötən günki çıxışını Ermənistanın özün də bəzi politoloqlar tənqid ediblər. Onun bu hərəkətini pisləyiblər, hətta onu qumarbaz, nəşəxor adlandırıblar. AŞPA-dakı bu çıxış da həmişəki kimi erməni yalanları ilə dolu idi və bu səbəbdən deputatların bir çoxu onun söylədiklərinə inamır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Sarkisyanın yalanlarına artıq heç kim inanmır:
“Ən böyük yalanı bu idi ki, guya Ermənsitan sülhə hazırdır, Azərbaycan buna mane olur. Digər bir yalanı isə Azərbaycanın 2016-cı ilin aprelində savaşı başlatmasıdır və guya bununla danışıqlara ciddi zərbə vurmasıdır. Bütün bunlar yalandır. Azərbaycan nümayəndə heyəti AŞPA-da bu yalanlara etirazını bildirdi. Təəssüf ki, avropalı deputatlar Sarkisyana ciddi suallar ünvanlamadılar. Demədilər ki, niyə Ermənsitan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmır? İşğal altındakı torpaqlara köçürmə, Laçında, Şuşada tikinti həyata keçirir? Yaxud niyə Azərbaycanın iki girovunu geri qaytarmır? Bu suallar açıq qaldı və heç bir avropalı deputat ona bu sualları ünvanlamadı. Sarkisyan guya sülhdən danışır, amma onun necə həyata keçirilməsi mexanizmini göstərmədi. Hər kəs bilir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları şantaj predmeti olaraq azad etmək istəmirlər. Yəni, referendumun vaxtını bizdən almaq istəyirlər. Sarkisyan ciddi detallara toxunmadan ümumi şəkildə dedi ki, guya Ermənistan sülh istəyir, Azərbaycan buna maneə olur. Qeyd etdiyim suallar Sarkisyana ünvanlansaydı, onun necə cavab verəcəyi maraq doğururardı. Bu halda Sarkisyan hər zamankı hərəkətini etdi. Yalan və riyakarcasına çıxış etdi”.
E.Şahinoğlunun sözlərinə görə, Sarkisyanın ötən günkü çıxışı ondan xəbər verir ki, Ermənistan sülh yolu ilə torpaqların geri qaytarılması üçün heç bir addım atmayacaq: “Qarşıdakı aylarda Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu səbəbdən gələcək danışıqlarda Ermənistanı prezident yox, baş nazir təmsil etsin. Bu, ona gətirib çıxaracaq ki, Ermənistan parlamentində Dağlıq Qarabağla bağlı çıxışlar daha çox olacaq. Amma, bu da mahiyyəti dəyişməyəcək. Çünki, Sarkisyan Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak edib, Xocalı soyqırımını törədənlərdəndir. Hesab edirəm ki, Sarkisyan sülhə doğru heç bir addım atmayacaq. Əvvəlki prezidenti Köçəryanda bunu etməmişdi. Bu baxımdan Azərbaycan öz fəaliyyətini davam etdirməli, hərbi təzyiqini, potensialını artırmalıdır.
Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda çıxışı zamanı bildirdi ki, Rusiyadan yeni hərbi texnikalar alınacaq. Bütün bunlar sonda ona gətirib çıxaraq ki, Ermənistan Azərbaycan qarşısında zəif düşəcək”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışında Ermənistan rəhbərliyinin yalan danışdığını diqqətə çatdırıb. “Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin Rekordlar kitabına düşəcək”- prezident çıxışlarından birində deyib.
Sarkisyan bu gedişlə yalan daşımaq üzrə "Ginnes"in Rekordlar kitabına düşsə, təəccüblənməyin!
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: AŞPA Sarkisyan Ermənistan Qarabağ