İki polis leytenantı ölkə çempionu oldu

İki polis leytenantı ölkə çempionu oldu
  20 Dekabr 2017    Oxunub:2897
Dekabrın 14-dən 16-dək Bakı İdman Sarayında yunan - Roma güləşi üzrə ölkə çempionatı keçirilib. Ümumilikdə 177 pəhləvanın 10 çəki dərəcəsində mübarizə apardığı bu yarışda iştirakçılar yüksək fiziki hazırlıq və texniki ustalıq nümayiş etdiriblər.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ölkəmizin bütün idman klub və cəmiyyətlərinin komandalarının qatıldığı bu yarışda DİN İdman Cəmiyyətinin yetirmələri yüksək nəticələr əldə ediblər. İdman təlimi şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı, əməkdar məşqçi Radik Hüseynovun hazırladığı komandamızın üzvlərindən İdman Cəmiyyətinin əməkdaşı, polis leytenantı Kamran Məmmədov çəkisi 67 kiloqramadək olan idmançılar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gənclər arasında dünya çempionu, ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan K.Məmmədov yeni qələbələr qazanmaq əzmində olduğunu növbəti dəfə təsdiq edib.

İdman Cəmiyyətinin digər yetirməsi, Avropa çempionu, leytenant Rafiq Hüseynov da ona bəslənən ümidləri doğruldub, çəkisi 82 kiloqramadək olan idmançılar arasında qızıl medala sahib olub.
Komandamızın digər yetirmələrindən Səid Balabəyov (60 kiloqram), Rüstəm Əliyev (77 kiloqram) və Orxan Qəhtiramov (87 kiloqram) öz çəki dərəcələrində bürünc medala sahib olublar.

Təmsilçilərimizdən polis leytenantı Fuad Əliyev (87 kiloqram) və Uğur Hacılı (130 kiloqram) çempionatda 5-ci pillədə qərarlaşıblar.

Komandanın rəhbəri, əməkdar məşqçi R.Hüseynov bildirdi ki, güləşçilərimiz bu yarışlarda əldə etdikləri yüksək nəticələrin onların İdman Cəmiyyətinin güləş bölməsinin ənənələrini layiqincə yaşatmasının, beynəlxalq miqyasda daha ciddi nəticələr əldə edəcəklərinə olan inamı doğrultmalarının təsdiqidir.

Komandamızın baş məşqçisi R.Hüseynov şöhrətli pəhləvanlarımızın layiqli davamçılarının da yetişdiyini bidirərək buna misal kimi təzəcə məşqlərə başlayan Nihad Hüseynovu göstərdi. Dedi ki, məşqlərə başlayandan bəri getdiyi 5 yarışın hamısında qalib gəlib, gələcəkdə o da çempion olacaq.

AzVision.az


Teqlər: Din   İdman   Güləş  





Xəbər lenti