Tofiq Heydərov istefa verdi, yerinə Məmmədov təyin olundu
AzVision.az xəbər verir ki, iclasda vitse-prezident Tofiq Heydərov çıxış edib. O, bu günə qədər tutduğu ağır atletika üzrə yığma komandaların baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
Tofiq Heydərovun yerinə Asif Məmmədov təyin olunub.
Asif Cahan oğlu Məmmədov 9 avqust 1980-ci il tarixində İsmayıllı rayonunda anadan olub. Ağır atletika üzrə məşqlərə İsmayıllı rayonu Uşaq-Gənclər İdman Məktəbində başlayıb. Qısa zamanda yeniyetmələr Azərbaycan birinciliyinin qalibi adını qazanıb. Uzun müddət Azərbaycanın yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandalarında idmançı kimi çıxış edib. Dəfələrlə Azərbaycan çempionu, ölkə kubokunun sahibi, beynəlxalq yarışlarının iştirakçısı olub. Ağır atletika üzrə Azərbaycan Respublikasının İdman Ustasıdır.
1998-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ağır atletika ixtisası üzrə təhsil alıb, oranı 2002-ci ildə uğurla bitirib. Daha sonra həqiqi hərbi xidmətdə olub.
2008-ci ildə idmançı karyerasını başa vuraraq İsmayıllı UGİM-də məşqçilik fəaliyyətinə başlayıb. 2010-cu ildə Azərbaycanın yeniyetmə ağır atletlərdən ibarət yığma komandasında köməkçi-məşqçi postuna gətirilib. O vaxtdan bu günə kimi yığma komandalarımızda fasiləsiz çalışıb. Yeniyetmə oğlanlardan ibarət yığma komandanın baş məşqçisi olub. 2016-cı il dekabrın 28-dən bu günə kimi yeniyetmə oğlanlardan ibarət yığma komandanın böyük məşqçisi kimi çalışıb.
Ağır atletika üzrə 1-ci dərəcəli məşqçisidir. Şəxsi tələbəsi Məhəmməd Məmmədli 2013-cü il yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısı, 2017-ci il gənclər arasında Avropa çempionatında təkanla qaldırma hərəkətində bürünc medalçısı, bir çox digər beynəlxalq turnirlərin iştirakçısı, Respublika çempionatının və kuboku uğrunda yarışların qalibidir. Yığmada çalışdığı vaxtlarda Asif Məmmədovun yetirmələri Avropa çempionluqları yaşayıb, rekordlar yeniləyib, çox sayda medallar qazanıb. Ən uğurlu ili isə məhz 2017-ci il olub.
Bu il Tailandda keçirilən yeniyetmələrin dünya birinciliyində rəhbərlik etdiyi yığma komandamız ümumi sıralamada yüksək 9-cu yeri tutub və 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına bir lisenziya qazanıb. Bununla yanaşı, sentyabrda Kosovonun paytaxtı Priştina şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində onun rəhbərlik etdiyi komanda, 15 yaşlı yeniyetmə atletlərin mübarizəsində xal hesabında ikinci, medal sayına görə isə 1-ci yeri tutub.
AzVision.az
Teqlər: AAAF Asif-Məmmədov