“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının Millət Vəkili
Azərbaycanın “Qarabağ” futbol klubunun UEFA yarışlarında uğur qazanmasına dünya futbol rəsmiləri heç vaxt yol verə bilməz. Belə ki, bütün beynəlxalq təşkilatlar, dünya birliyi, güc mərkəzləri 25 ildən artıqdır “münaqişə” ifadəsi ilə Azərbaycan torpaqlarının işğalını mübahisəli ərazi kimi qələmə verməklə, dünya ictimaiyyətində yanlış fikir formalaşdırmağa cəhd edirlər. Beynəlxalq təşkilatlardakı fəaliyyətim zamanı qarşılaşdığım haqsızlıqlar mənim belə bir qənaətə gəlməyimə əsas verir. Odur ki, oyunlarda yüksək peşəkarlıq göstərən Qarabağ FK üzvlərinə, məşqçilərinə, eləcə də oxuculara beynəlxalq təşkilatlarda qarşılaşdığım bəzi məsələlər barəsində qısa məlumat vermək istərdim.
Həmin sessiyada eyni zamanda Sərsəng su anbarı ilə bağlı mənim qətnamə layihəm əsasında hazırlanan “Azərbaycanın cəbhəyanı ərazilərinin sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzə də dinlənilirdi. Bu məruzədə də Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi əks olunurdu. Lakin düşmən bu döyüşdə qələbə qazana bilmədi. Bu qətnaməni ona görə xatırlatdım ki, bütün hücum və maneələrə baxmayaraq, davamlı mübarizə əzmində qələbə əldə etmək mümkündür. İnanıram ki, “Qarabağ” futbol klubu da öz əzmi ilə ən yüksək qələbələrə nail olmağa qadirdir.
Hər iki məruzədə bir məqsədimiz vardı: Ermənistanın işğalçı siyasətini ifşa etmək, Azərbaycan torpaqlarının məhz Ermənistan dövləti tərəfindən işğal edilməsini sənədləşdirmək. Robert Volterin məruzəçisi olduğu "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması" məruzəsində qarşılaşdığımız maneələr və uduzduğumuz hesab UEFA kubokunda Azərbaycanın “Qarabağ” komandasının İngiltərənin “Çelsi” futbol klubuna eyni hesabla, 0-4 hesabı ilə uduzmasına bənzəyir. Bu, bənzətmə deyil, bu, acı həqiqətdir, çünki Azərbaycanın “Qarabağ” futbol klubunun UEFA kubokunda iştirakı, İngiltərə, İspaniya, İtaliya kimi ölkələrin möhtəşəm futbol klubları ilə saysız-hesabsız azarkeşlər qarşısında oynaması işğalçı Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlama siyasətinə mane olur. “Qarabağ” komandasının bu mötəbər kubokda iştirakı yalnız ölkənin futbol uğuru deyil, bu həm də Azərbaycan həqiqətlərinin, Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğalının, Qarabağın Azərbaycan torpağı olmasının dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu isə dünya güc mərkəzlərinin, beynəlxalq təşkilatların Ermənistanın xeyrinə apardığı siyasətin məhv edilməsinə xidmət edir. “Qarabağ” klubu irəli getdikcə milyonlarla insan Qarabağın Azərbaycan torpağı olmasını öyrənir. Bu səbəbdən “Azərbaycanın Dağlıq Qarabağ” ifadəsinin işlədilməsini qadağan edən ermənipərəst dünya birliyi “Qarabağ” klubunun qalib gəlməsinə yol verə bilməzdi.
İstisna deyil ki, “Qarabağ” futbol klubunun son üç oyununda hakimlərin komandamıza qarşı görünməmiş ədalətsizliyi və nifrəti məhz güc mərkəzləri tərəfindən verilmiş siyasi sifariş idi. “Qarabağ” klubunun sıradan çıxarılması üçün açıq-aydın və məqsədyönlü strategiya hazırlanmışdır. Son oyunlarda baş verən faktlar bu strategiyanın tərkib hissəsi idi. Komandanın ən güclü oyunçuları Dino Ndlov, Pedro Enriqueyə qırmızı vərəqə verilib, növbəti iki oyuna buraxılmaması və son oyunda komandanın kapitanı Rəşad Sadıqova qırmızı vərəqənin verilməsi, eyni zamanda 2 dəfə 11 metrəlik cərimə zərbələrinin təyin edilməsi bunun bariz göstəricisidir.
Bu faktlar hər biri səbəbsiz baş vermiş, qərəzlilik və nifrət göstəricisi idi. Bu, dünya miqyasında məşhur olan “Çelsi” klubunun “Qarabağ” klubu üzərində qələbəsi deyildi, bu, nifrət və küdurət dolu hakimin qələbəsi idi. Bu siyasiləşmiş məğlubiyyət “Qarabağ” klubunun məğlubiyyəti deyil, Avropa demokratiyasının ikiüzlülüyüdür.
Hörmətli Qurban Qurbanov və “Qarabağ” klubunun oyunçuları,
Nəzərə almalısınız ki, Siz “Qarabağ” adı ilə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğal edilməsini dünyaya çatdıran sürətli təbliğat maşınını idarə edirsiniz. Komandanızın və qələbələrinizin populyarlığı beynəlxalq təşkilatların işğalçı Ermənistanı müdafiə etməsini çətinləşdirir. Siz həmişə xristian aləminin diqtəsi ilə işləyən hakimlərin müsəlman ölkəsinə təzyiqlərinə və nifrətinə hazır olmalı, mübarizə əzminizi itirməməlisiniz. İşğal edilmiş ərazilərimiz o vaxt Azərbaycana qayıda bilər ki, Azərbaycan informasiya müharibəsində qalib gəlsin. “Qarabağ” futbol klubu möhtəşəm oyunlar nümayiş etdirməklə, Azərbaycanın dünyada ən güclü informasiya raketinin daşıyıcısına çevrilir.
Sizə və komanda üzvlərinə dözümlülük və əzmkarlıq arzu edirəm!
Teqlər: