Türkiyə Super Liqası Azərbaycanda yayımlanmayacaq

Türkiyə Super Liqası Azərbaycanda yayımlanmayacaq
  18 Oktyabr 2017    Oxunub:2168
"Təəssüf hissi ilə bildirmək istəyirik ki, Türkiyə superliqasının oyunlarının rəsmi yayım hüququna malik “DigiTürk” şirkətinin birtərəfli istəyinə əsasən, “CBC Sport” ilə bu qurum arasında müqaviləyə xitam verilib. Belə olan halda biz heç cür vədimizə əməl edə bilmirik və Türkiyə superliqasının oyunları bizim kanalda yayımlanmayacaq."
AzVision.az xəbər verir ki, bu barədə “CBC Sport” kanalının yaydığı məlumatda bildirilir. Məlumatda deyilir ki, “DigiTürk”dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm müqavilənin bağlanmasında vasitəçi “Saran Holding” şirkəti əməkdaşlarına müəmma olaraq qalır.

“Məsələni araşdırmağa çalışdıq və gəldiyimiz qənaəti sizinlə də bölüşürük. Lakin xatırlatmaq istəyirik ki, bu, bizim təxmin və ehtimallardır. Rəsmi müqavilə bağlanandan sonra efirmizdə, kanala aid bütün sosial şəbəkələrdəki səhifələrmizdə, həmçinin Azərbaycandakı jurnalist dostlarmızla bu xoş xəbəri bölüşdük. Çünki bu müqavilənin bağlanması naminə olmazın əziyyət çəkmiş, çoxlu enerji sərf etmişdik. Superliqa oyunlarının ilk dəfə ölkə xaricində açıq yayımda olan telekanal tərəfindən göstəriləcəyi xəbəri ertəsi gün qardaş və dost Türkiyədə, onun mediasında geniş müzakirələrə səbəb oldu. Əldə etdiyimiz məlumata əsasən, ilk 24 saat ərzində “CBC Sport” telekanalını Türkiyə ərazisində izləmək üçün lazım olan peyk avadanlıqları, hətta illərlə anbarlarda yığılıb qalan texniki mallar belə, sürətlə alınıb. Amma tələb o dərəcədə böyük olub ki, hətta bütün bunlar da Türkiyədə texniki vasitələrə yaranan tələbatı tam ödəməyib.

Türkiyə mediasını və müxtəlif forumları monitorinq etdikdə niyə Türkiyədə yerli çempionatın oyunlarını izləmək üçün futbolsevərlər pul verməli, Azərbaycanda isə oyunlar pulsuz nümayiş etdirilməlidir kimi etiraz dolu çoxsaylı fikirlərə rast gəldik.

Bu iki məqam arasında paralel aparanda belə düşünmək olar ki, məhz bu cür nüansların üzə çıxması nəticəsində “DigiTürk”də çalışan tərəfdaşlarımız müqaviləni ləğv etmək kimi radikal addım atıblar. Bir daha bildirmək istəyirik ki, bu, məsələyə bizim şəxsi baxışımızdır. Və bütün bunları, sadəcə, ehtimal edirik. Biz heç vaxt pul, qazanc və reklam dalınca qaçmamışıq. Çünki bizim əsas qazancımız siz tamaşaçıların maraq və sevgisidir. Amma adi həyatda olduğu kimi, televiziya həyatında da bəzən çalışıb işi daha yaxşı görmək istəyirsən, lakin kənar müdaxilələr buna imkan vermir.

Ölkə idmansevərlərini həmişə yeniliklərlə və maraqlı idman layihələri ilə sevindirən “CBC Sport” yaranmış xoşagəlməz vəziyyətə görə sizlərdən üzr istəyir! Problemin müsbət həlli üçün əlimizdən gələni etdik, təəssüf ki, etdiklərimiz yetərli olmadı. Haqlı irad və etirazlarınızı anlayışla qarşılayır, qəbul edirik. Vədimizə əməl edə, Türkiyə superliqasının oyunlarını yayımalya bilmədiyimizə görə bir daha üzrxahlıq edirik.

Bu, “CBC Sport” telekanalının rəsmi məlumatıdır. Jurnalist dostlarımızdan, facebook, twitter və instagram istifadəçilərindən artıq dərəcədə xahiş edirik ki, məsələ ilə bağlı kanal rəhbərliyinə, eləcə də istənilən əməkdaşına müraciət etməyəsiniz”.

AzVision.az


Teqlər: Türkiyə   Futbol  





Xəbər lenti