Bu ilkdi, ardı var...

Bu ilkdi, ardı var...
  17 Avqust 2017    Oxunub:1706
Ağdamın “Qarabağ” klubu Bakıda Danimarka təmsilçisi “Kopenhagen”i məğlul etməklə Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi.
Oyundan sonra danimarkalıların baş məşqçisi Stole Solbakkenin mətbuat konfransındakı çıxışı göstərdi ki, artıq Avropada da “Qarabağ”ın gücündən danışılır.

“Nəticə bizim üçün yaxşı deyil. Bu nəticədən sonra “Qarabağ” az da olsa favoritdir. Amma cavab oyunda ilk qolu biz vursaq, vəziyyət dəyişə bilər”- deyə rəqib komandanın baş məşqçisi Ağdam klubundan ehtiyat etdiyini gizlətmədi.

Karyerası ərzində dəfələrlə Çempionlar Liqasında çıxış edən bir klubun baş məşqçisinin belə bir açıqlama verməsi, əlbəttə, qürurvericidir. Şübhəsiz ki, Stole Solbakkenin bu çıxışında bir çox məqamlar gizlənir.

Məsələ orasındadır ki, 90 dəqiqə ərzində iki klub arasında gözlə görülən fərq müşahidə olunurdu.

Bir tərəfdə 90 dəqiqə ərzində ancaq hücum edən, digər tərəfdə aciz duruma düşən və daha çox müdafiəyə üstünlük verən komanda.

Bir tərəfdə ilk təcrübəsi ilə meydana çıxmış, lakin sakit, təmkinli Qurban Qurbanov, digər tərəfdə təcrübəli, yerində dura bilməyən, ümidsiz, çarəsiz qalmış Stole Solbakken.

Təbii ki, görüş haqlı olaraq “Qarabağ”ın üstünlüyü ilə bitməli idi və belə də oldu.

Oyunda nəzərə çarpmasa da, klublar arasında əsas fərq maliyyədir. Belə ki, “Qarabağ”ın ümumi dəyəri – 12,28 milyon, “Kopenhagen”in isə 28,35 milyon avrodur. Göründüyü kimi azı 2 qat fərq var. Lakin bu fərq meydançada “Kopenhagen”ə kömək ola bilmədi. Əksinə, daha istəkli, hər addımında xalqın sevincini düşünən, mütləq Azərbaycana qələbə bəxş etməli olan Ağdam klubu möhtəşəm qələbə qazandı.

Maraqlı məqamlardan biri də 90 dəqiqə ərzində “Qarabağ”ın oyunçu dəyişikliyi etməməsi oldu.

“İdman Azərbaycan” kanalından əlavə Türkiyə kanalından yayımlanan matçın spikeri 90-ci dəqiqədə dediyi sözlər isə hər bir “Qarabağ” azarkeşinin qəlbini oxşar tərzdə idi: “Biz bu oyunda “Kopenhagen”i görmədik. Əvəzində isə minlərlə qaçqının duasını alan “Qarabağ” klubu və Qurban Qurbanovu gördük. Təbriklər “Qarabağ””.

İnanırıq ki, “Qarabağ” Kopenhagendə də qələbə qazanaraq Çempionlar Liqasının səddini aşacaq və Azərbaycana böyük sevinc yaşadacaq.

Şahidi olacağıq ki, 15 avqust qələbəsi ilk olsa da, son deyil. Hələ bizi qarşıda böyük zəfərlər gözləyir.

Bəxtiyar Məmmədov


Teqlər: Qarabağ   Kopenhagen   Qurban-Qurbanov  





Xəbər lenti