Anastasiyanın qızıl medalı geri alına bilər - Dopinq qalmaqalı

Anastasiyanın qızıl medalı geri alına bilər - Dopinq qalmaqalı
  15 Avqust 2017    Oxunub:3181
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin orqanizmindən istifadəsi qadağan olunmuş preparatı aşkarlanıb.
Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Tofiq Heydərov şəxsi "Facebook" səhifəsində yazıb. Lakin o, məsələnin təfərrüatları barədə açıqlama verməyib. Əvəzində T.Heydərov baş verənlərlə əlaqədar tutduğu vəzifələrdən istefa verdiyini bildirib:

"İslamiadada Anastasiya İbrahimli və Hafiz Süleymanovun kimlərləsə birgə qurduğu oyun mənim birdəfelik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə, həm də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan başda olmaqla, bütün rəhbərlərə söz vermişdim. Onlara demişdim ki, bir daha komandamızda dopinq problemi olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı".

İbrahimlinin özü isə açıqlamasında qısa danışıb: "Mən heç nə deməyəcəyəm. Yalnız onu bəyan edə bilərəm ki, İslamiadada layiqincə çıxış etmişəm". Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Şəfəq Hüseynli isə məsələ barədə danışmaqdan imtina edib.

Qeyd edək ki, Anastasiya İbrahimli İslamiadada 69 kq çəki dərəcəsində iki hərəkətin cəmində 219 kq (birdən 100 kq, təkanla 119 kq) nəticə ilə qızıl medala sahib çıxıb. (Report)

AzVision.az



Teqlər: Dopinq   Anastasiya  





Xəbər lenti