Türkiyəni dünya çempionu edən Ramil kimdir? - FOTOLAR
AzVision.az-ın məlumatına görə, Ramil Quliyev 29 may 1990-cı ildə Bakı şəhərində anadan olub. O, ilk böyük uğurunu 2007-ci ildə Gənclərin Dünya Çempionatında gümüş medal qazanmaqla əldə edib. Daha sonra isə 2009-cu ildə Yay Universiada Oyunlarında Serbiya paytaxtında qızıl medal qazanıb.
Ramil Quliyev 2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edib. Təsnifat mərhələsində 20.78 nəticə göstərərək 1/4 finala adlayan Ramil 1/4 finalda 20.66 nəticə ilə 5-ci olaraq, mübarizəni dayandırıb. Bu. Ramilin Azərbaycanı təmsil etdyi sonuncu yarış olub. Bundan sonra Ramil Türkiyə millisinin uğurları üçün mübarizəyə başlayıb.
Beləliklə Ramil Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edərək yarışlarda Türkiyə bayrağı altında çıxış etməyə başlayıb.
Qeyd edək ki, bu hadisə Azərbaycan Atletika Federasiyası tərəfində bir mənalı qarşılanmayıb. Ramil bu addımına görə, Azərbaycanda tənqidlərə tuş gəlmişdi.
Türkiyə vətəndaşlığını qəbul edən Ramilin növbəti məqsədi 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək idi. Amma bu yarışlarda iştirak etmək üçün Azərbaycan Atletika Federasiyası tərəfindən xüsusi qərar verilməli idi. Amma gözlənilən qərar verilmədiyindən Quliyev 2012-ci il Yay Olimpiya Oyunları buraxmalı olub.
2013-cü ildə Ramil təmsil etdiyi ölkədə təşkil olunan Aralıq dənizi Oyunlarında 100 və 200 m məsafəyə qaçışda gümüş medal qazanıb. 2015-ci ildə azərbaycanlı atlet Cənubi Koreyanın Kvanju şəhərində Yay Universiada Oyunlarında bürünc medalına sahib olub.
2015-ci ildə Ramil 7 illik fasilədən sonra Çin Xalq Respublikasının Pekin şəhərinə qayıdıb. Bir vaxtlar Pekin Milli Stadionunda Azərbaycan bayrağı ilə çıxış edən həmyerlimiz bu dəfə Türkiyə bayrağı ilə həmin Stadiona daxil olub. Dünya Çempionatında onun əsas məqsədi medal qazanmaq idi. Amma bu, elə də asan deyildi. Çünki, onun iştirak etdiyi yarışda yamaykalı Useyn Bolt əsas favorit idi. Ramil Quliyev 200 m təsnifat mərhələsində 20.01 nəticə ilə birinci oldu. Yarım-finalda isə Ramil Quliyev 20.10 nəticə göstərərək finala adladı. Amma finalda Ramil Quliyev uğurlu çıxış edə bilmədi. O, 20.11 nəticə ilə 6-cı yeri tutdu. Buna baxmayaraq 2016-cı il Rio Yay Olimpiya Oyunlarına vəsiqə qazandı.
Ramil Quliyev hələlik sonuncu uğuruna Londonda keçirilən yüngül atletika yarışında əldə edib. Bu yarışda Ramil 200 metr məsafəni 20.09 saniyəyə qaçaraq dünya çempionu adını qazanıb.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Ramil-Quliyev Atlet Çempion