Maşından oğurluq edən şəxslər tutulub

Maşından oğurluq edən şəxslər tutulub
  24 İyul 2017    Oxunub:1595
Bakıda polisin keçirdiyi əməliyyat nəticəsində avtomobillərdən mobil telefon, pul və digər qiymətli əşyalar oğurlayan dəstənin üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, paytaxt sakinlərindən biri DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək bildirib ki, Yasamal rayonu A.Şərifzadə küçəsində ona məxsus “VAZ 2107” markalı avtomobildən naməlum şəraitdə bir ədəd mobil telefon oğurlanıb.

Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Ramil Quliyev və Ceyhun Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onların Yasamal rayonu ərazisində, əsasən metro çıxışlarının yaxınlığında 10-dan artıq nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladıqları məlum olub.

Dəstə üzvləri oğurluq yolla əldə etdikləri mobil telefonları paytaxtın müxtəlif ərazilərində yerləşən telefon alqı-satqısı ilə məşğul olan mağazalara satıblar.

Qeyd edilən faktlarla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-nə müraciət edə bilərlər.




AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti