Azərbaycanda 241 nəfər dərmandan zəhərlənib

Azərbaycanda 241 nəfər dərmandan zəhərlənib
  21 İyul 2017    Oxunub:1444
Bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciətlərin sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin 6 ayı ərzində dərman zəhərlənmələri ilə 241 nəfər, dəm qazı zəhərlənmələri ilə 133 nəfər, kəskin allergik reaksiyalar ilə 67 nəfər, sirkə turşusu zəhərlənmələri ilə 52 nəfər, spirtli içkilərdən zəhərlənmələrlə 56 nəfər müraciət edib.

Baş toksikoloq qeyd edib ki, 41 nəfəri ilan, 3 nəfəri isə əqrəb sancıb. Onun sözlərinə görə, 2 nəfər sirkə turşusundan baş vermiş zəhərlənmə nəticəsində ölüb.

O, vurğulayıb ki, bir neçə gün əvvəl Sumqayıtda kanalizasiya quyusuna düşən fəhləni xilas edərkən zəhərlənən Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 əməkdaşı da şöbəyə gətirilib: “Dörd nəfərdən ikisi koma, ikisi isə orta-ağır vəziyyətdə şöbəyə çatdırılmışdı. Həkimlərin gərgin əməyi nəticəsində FHN-nin zəhərlənmiş dörd əməkdaşı tam şəkildə həyata qaytarılıb”.

Şöbə müdiri region xəstələrində ilan zəhərinə qarşı zərdabların olmaması barədə fikirlərə də münasibət bildirib. O qeyd edib ki, hər bir mərkəzi rayon xəstəxanası ilan zəhərlənmələri əleyhinə zərdablarla tam təmin olunub.

Aytən Zəhra
AzVision.az



Teqlər: Dərman  





Xəbər lenti