“Toğrul Əsgərova millidən getməyə icazə verilməyəcək”

“Toğrul Əsgərova millidən getməyə icazə verilməyəcək”
  30 İyun 2017    Oxunub:6558
“Neçə aydır ki, Toğrul Əsgərovu güləş üzrə yığmanın düşərgəsində görmürəm, məşqlərə qatılmır. Məndə olan məlumata görə, onun boynunda zədəsi var və hazırda müalicə alır”.
Bunu AzVision.az-a Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov Sərbəst güləş üzrə millimizin üzvü, olimpiya çempionu Toğrul Əsgərovun Azərbaycan yığmasından imtina etməsi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib:

“Bu məsələ araşdırılır. Özü ilə görüşüb, danışmaq lazımdır. Hansısa ölkənin yığmasında çıxış etməyin qanuni keçidi, halallığı var. Toğrul Azərbaycanda yeri olan idmançıdır. O, adi idmançı deyil ki, harasa istədiyi vaxt getsin”.

Federasiyada maliyyə problemlərinin olduğunu təsdiqləyən E.Cəfərov deyib ki, Toğrul Əsgərov və digər olimpiya çempionlarına dövlət tərəfindən mükafatlar verilib.

“Fikrimcə, bu məsələni şişirtmək lazım deyil. Hər bir təşkilatda gecikmələr, problemlər ola bilər. Hər şey artıqlaması ilə olanda yaxşı olur, bir az gecikmələr olanda pis? Belə olmamalıdır axı! Onlar üçün hər şey edilib, edilir və ediləcək”.

E.Cəfərov əməliyyatın Toğrulun öz vəsaiti hesabına etməsi və federasiyadan pul verilməməsinə də aydınlıq gətirib: “Toğrula deyilib ki, imkanın varsa, əməliyyatını özün etdir, sonra maliyyə məsələləri düzələndə bunu nəzərə alarıq. Ondan sonra isə məsələnin nə yerdə olduğundan xəbərim yoxdur. Fikrimcə, Torğulu buraxmaq olmaz və ona getməyə icazə verilməyəcək, verilməməlidir. Hesab edirəm ki, Toğrul millini tərk etməyəcək. Şəxsən mən olsam, buraxmaram. Ona bu qədər əziyyət çəkilib, üzərində iş gedib, hazırlaşdırılıb. Toğrul adi idmançı deyil. Olimpiya, Avropa çempionudur. İnanmıram ki, Toğrul Türkmənistana getsə, Azərbaycanda daha çox pul qazanacaq”.

Qeyd edək ki, sərbəst güləş üzrə millimizin üzvü, olimpiya çempionu Toğrul Əsgərovun Azərbaycan yığmasından imtina edərək Türkmənistan millisinin heyətində çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: Toğrul-Əsgərov   Güləş  





Xəbər lenti