Sultan Süleymanın ürəyini axtarırlar

Sultan Süleymanın ürəyini axtarırlar
  04 Sentyabr 2013    Oxunub:2079
Sentyabrın axırlarında macar tarixçilər Osmanlı Türkiyəsinin ən məşhur sultanlarından birinin – Süleyman Qanuninin ürəyinin harada olması barədə araşdırmalarının nəticələrini dərc edəcəklər.
Fransanın məşhur dövlət xadimi kardinal Richelieu 447 il bundan əvvəl Macarıstanın Siget qəsri uğrunda vuruşmanı “bəşəriyyəti xilas etmiş döyüş” adlandırıb.

Türklər bu qəsri nəhayət 1566-cı ilin sentyabrında ələ keçirsələr də, sultan Süleyman da daxil o qədər itki vermişdilər ki, növbəti 120 il ərzində Vyanaya hücum barədə düşünə belə bilmədilər.
İndi isə tarixçilər “yaxşı sultan”ın qəlbini tapmaq üçün torpağı və arxivləri eşələyirlər.

“Macarlar Sigetvar qəsrinin içində gəzişdikcə, elə güman edirlər ki, bu, macar qəsridir, - deyir Peç Universitetinin coğrafiya professoru Norbert Pap, - lakin bu belə deyil”.

“Bu əslində türk qəsridir. Macarların qəsri 1566-cı ildə tamamilə dağıdılıb” – alim deyir.

Tarixi gizlədən abidələr

Zelik rayonunu dövrələyən tarixi abidələr həm də tarixi gizlədir. Daha doğrusu hər bir tarixi abidənin hər hansı hadisəyə dair öz hekayəti var.
Torpaq üstündə əfsanəni izləmək asandır.

Sultan Süleyman 1529-cu ildə Vyananı mühasirəyə almışdı

Süleyman Qanuni bu yerlərə 1566-cı ildə 100 minlik qoşunla gəlib.
Bu qəsr onun Vyanaya yürüş yolunun üstündəydi və sultan onu asanlıqla zəbt edəcəyini və Avropanın daha bir parçasını səltənətinə qatacağını düşünürdü.

Bu döyüşdən əvvəl nəhəng təbillər elə guruldayırdı ki, adamın ürəyi ağzına gəlirdi.

Lakin qəsrin komandanı Miklos Zrinyi 2300 əsgəri ilə türklərə elə bir müqavimət göstərdi ki, Osmanlı ordusu burada bir xeyli dayanmalı oldu.
Zrinyi yanmaqda olan qəsrdən çıxıb daha bir həmlə edərkən həlak oldu.

Süleymanın ürəyi

Süleyman öz çadırında, deyilənə görə, bu rüsvayçı qələbəsinin təəccübündən öldü. Hər halda onun 72 yaşı vardı və 40 il idi ki, macarlarla döyüşürdü.

Onun cənazəsini İstanbula apardılar, lakin ürəyi burada, bir məqbərədə dəfn olundu. Hər halda bunu göstərən lövhə var. Hazırda bu məqbərə Bakirə Mariya katolik kilsəsinə çevrilib. Ona Turbeki kilsəsi də deyirlər.
Professor Pap deyir ki, bu, maraqlı bir nağıldır. Onun sözlərinə görə, bu lövhəni bura 1916-cı ildə yerli keşiş, həm də siyasi səbəblərə görə vurub.



O zaman Macarıstan, daha dəqiq desək, Avstriya-Macarıstan İmperiyası Osmanlı İmperiyasının müttəfiqi idi və iki səltənət öz varlığını qorumaq üçün Birinci Dünya Müharibəsinin palçığı və qan gölməçələri içində çiyin-çiyinə vuruşurdular. Bu şəraitdə iki imperiyanın ölməz dostluğunu göstərən simvollara ehtiyac var idi.

İndi professor Pap Süleymanın ürəyinin həqiqətən basdırıldığı yeri axrtarır. Həm də siyasi səbəblərə görə.

Türkiyə-Macarıstan dostluğu dirçəliş dövrünü yaşayır.

İki baş nazir dostdurlar. Macarıstana gələn Türkiyə turistlərinin sayı ötən il 45 faiz artıb.

Lakin bu mürgü döyən balaca şəhərdə yalnız 500 mehmanxana çarpayısı var. Bir vaxtlar bu şəhər döyüş ərəfəsində çadırlarda yatar, gecə bülbüllərinin nəğməsini dinləyərdi.
İndi burada beş ulduzlu bir-iki otelin tikintisi planlaşdırılır, qəsr və Osmanlı dövrünə aid bir neçə abidə bərpa olunur. Lakin bütün bunlar sultanın ürəyinin basdırıldığı yerin tapılmasına bağlıdır.

Bir neçə xəritə var

1689-cu ilə aid xəritələrdən birində hətta ürəyin dəfn olunduğu yer göstərilib. Vyana arxivindəki başqa xəritələr şəhəri geri almağa çalışan Habsburq qoşunları üçün tərtib edilib.
Vatikan, Venesiya, Budapeşt və İstanbul arxivlərində də müəyyən məlumatlar var.
Professor Pap və onun komandası bütün məlumatları bir-bir öyrənir.

Bərpa olunmuş abidələr

Axtarışların nəticələri sentyabrın 20-də ictimaiyyətə elan ediləcək.
Bu arada professor Papa yeni qazıntı üçün icazə verilib.
“Söhbət təkcə Süleymanın ürəyindən getmir, - deyir alim, - biz axtardıqca 400 illik tarixin yeni layları bərpa olunur və yeni abidələri üzə çıxır”.
Türk serialları kimi
Xəritələr aldadıcıdır. Habsburqlar qəsri 1689-cu ildə zəbt edəndə, serblər burada olub-qalan müsəlmanları qovmuşdular.
Alman katolikləri buralarda təkrarən 18-ci əsrdə məskunlaşıblar.
Buraların hətta landşaftı da dəyişib.
Balaca Alması çayı o vaxtlar gursulu nəhr imiş.
Vaxtilə sultan Süleymanın qoşununun düşərgələndiyi yerdə indi Macarıstan-Türkiyə dostluğu bağı salınıb.

Burada Süleymanın üzərinə gül-çiçək düzülmüş simvolik türbəsi də var. Professor Pap deyir ki, buradakı tunc dövrünə aid məzarlığı yerli əhali həmişə səhvən türk qəbristanlığı hesab edib.

Mer Janos Kolovics əcdadlarının kökünün Osmanlı zəmanəsinə, Bosniyaya gedib çıxması ilə fəxr edir. O noutbukunu çıxarıb qonaqlara yeni turist mərkəzinin rəssam tərəfindən işlənmiş şəklini göstərir. Bu mərkəz şəhər məsçidinin qarşısında tikilməlidir.

Lakin bu, macarların dizaynıdır və türklərin xoşuna gəlmir.
Burada məsçidin içərisində dərviş rəsmləri də var: Allahın təsviri. İslam belə şeyləri qəbul etmir.

Amma macar torpağının dərinliyində Süleymanın ürəyi daha sürətlə döyünməyə başlayır.(BBC)


Teqlər:  





Xəbər lenti