Vəhşi heyvanların böyütdüyü insanlar - FOTOLAR

Vəhşi heyvanların böyütdüyü insanlar - FOTOLAR
  21 Fevral 2017    Oxunub:20221
Heyvanlar tərəfindən böyüdülən uşaqlarla bağlı bir çox əfsanə və söyləntilər mövcuddur. Bu mövzu insanlarda hər zaman maraq yaradıb. Vəhşi Uşaq (Feral Child) - ümumi mənası ilə digər insanlardan təcrid edilmiş uşaqları izah edən sözdür. Sadəcə vəhşi heyvanlarla birgə böyümüş uşaqlar deyil, həmçinin vəhşi təbiətdə böyümüş və ya ailəsi tərəfindən rədd edilmiş uşaqlar da bu qrupa daxildir.
Oxana Malaya, Ukrayna - 1991-ci il



Ailəsinin küçəyə atdığı Oxana Malaya beş il itlərlə bir yerdə yaşayıb. Çiy ətlə qidalanan, ulayan, itlər kimi yeriyən və yorulduğu zaman itlər kimi dilini çıxardaraq nəfəs alan Oxana 8 yaşında tapılıb. Mütəxəssislər onu hələ də müalicə edə bilmədiklərini deyiblər.

John Ssebunya, Uqanda - 1991-ci il



Atasının anasını öldürdüyünə şahid olan və bu hadisədən sonra evdən qaçan 4 yaşlı Ssebunya kənd sakini bir qadın tərəfindən tapıldığı zaman 6 yaşında olub. O, 2 ildən çox meymunların arasında yaşayıb. Ssebunya 6 yaşının olmasına baxmayaraq danışa bilmir, dizlərinin üzərində yeriyir və bişmiş yemək yemirmiş.

Bir müddət sonra danışmağa başlayanda meymunların ona banan və manyok kökü gətirdiklərini, meymun balaları ilə oyunlar oynadığını bildirib. Reablitasiyalar nəticəsində, bu gün 30 yaşında olan Ssebunya çətin də olsa oxuyub yaza bilir, gitara ifa edir, lakin hələ də zəka səviyyəsi 6-7 yaşlı uşaqlardan fərqlənmir.

Kamala və Amala bacıları - Hindistan



1920-ci ildə Hindistanın Kalküta ərazisində, canavarların olduğu sahədə tapılan Kamala və Amala bacıları vəhşi heyvanlar kimi səslər çıxarır, gecələr yatmır və ova çıxırdılar. Onlar dişlərini daşa sürtərək itiləyir və dırnaqlarını caynaq olaraq istifadə edirmişlər.

Kiçik bacı Amala 1921-ci ildə öləndə Kamala onun üçün yas saxlayıb. Kamala nisbətən əhilləşə bilsə də, o da gənc yaşında 17 yaşında dünyasını dəyişib.

Sujit Kumar, Fiji - 1978-ci il



Sujid tapılanda 8 yaşında idi. O, ilk vaxtlar toyuq kimi davranırdı. Tapıldığı zaman toyuq kimi hərəkət edir, uçmağa çalışır, toyuq səsləri çıxarırmış. Məlum olub ki, Sujit ailəsi tərəfindən toyuqlarla birlikdə hinə həbs olunduğundan normal insan kimi böyüməyib.

Sujit hazırda 32 yaşındadır və Elizabeth Clayton adlı qadın tərəfindən saxlanılır.

Marina Chapman, Kolombiya - 1950-ci il



Marina 1954-cü ildə qaçırılıb. O, qaçırıldıqdan bir müddət sonra meşəyə atılıb. Evinə qayıda bilməyən Marina meşədə bir meymun ailəsi ilə 5 il yaşamalı olub. O, daha sonra ovçular tərəfindən tapılıb.

1978-ci ildə İngiltərəyə köçən Marina, burada John Chapman adlı şəxslə ailə həyatı qurub. Hazırda 67 yaşı olan Marinanın 2 uşağı və 3 nəvəsi var. Marina Chapman meşədə yaşadığı 5 illik xatirələrini “The Girl With No Name” adlı kitabında yazıb.

Aydan Əmirxan
AzVision.az


Teqlər:





Xəbər lenti