Prezidentin dosyesi: Diş həkimi, peşəkar idmançı, bəstəkar...

Prezidentin dosyesi: Diş həkimi, peşəkar idmançı, bəstəkar...
  13 Fevral 2017    Oxunub:12754
Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib. Türkmənistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, ötən gün keçirilən seçkilərdə seçicilərin 97,69 faizi Berdiməhəmmədova səs verib. O, növbəti 7 ildə ölkəyə rəhbərlik edəcək.

Qurbanqulu Berdiməhəmmədov kimdir?

O, 29 iyun 1957-ci il tarixində Türkmənistanın Göytəpə rayonunun Babarap kəndində anadan olub. Berdiməhəmmədov 8 uşağı olan ailənin yeganə oğlu olub. Ondan balaca bacılarından biri Türkmənistan Milli İqtisadiyyat Universitetində müəllim işləyir, ən balaca bacısı evdar xanımdır. O, ölkənin Mərkəzi Bankının əməkdaşı ilə evlidir.

Berdiməhəmmədov Türkmənistan Dövlət Tibb İnstitutunun "Stomatologiya" fakültəsini bitirib. Daha sonra aspirantura üzrə təhsilini davam etdirib. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlayıb. Hazırki prezident daa sonra dekan, mərkəz müdiri işləyib. Ardınca Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri təyin edilib. 2001-ci ildən etibarən - Türkmənistanın Nazirlər Komitəsinin sədrinin müavini olub. O, 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib. Ölkənin birinci prezidenti Saparmurat Niyazovun vəfatından sonra dəfnetmə komissiyasına başçılıq edib və Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra etməyə başlayıb.



Berdiməhəmmədov 26 dekabr 2006 ildə Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb. 11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23% səslə qalib gəlib. 2012-ci il 12 fevral prezident seçkilərində 97,14% nəticə ilə liderliyini qoruyub.

Bu il keçirilən prezident seçkilərində 9 namizəd arasında Qurbanqulu Berdiməhəmmədov yenidən qalib gəlib. Rəsmi məlumata görə, seçkidə iştirak edən seçicilərin 97,69 faizi ona səs verib. Konstitusiyada edilən yeni düzəlişlərə ilə əlaqədar Berdiməhəmmədov bundan sonra 7 il ölkəni idarə edəcək.



Onun prezidentliyi dövründə Türkmənistanda yenidənqurma işləri görülüb. Qızıl heykəllər yığışdırılıb, keçmiş dövlət başçısı Saparmurad Niyazovun pensiyadan tam imtina qərarına yenidən baxılıb, olduqca qəribə olan 9 illik orta təhsil sistemi ləğv olunub və eləcə də ali təhsil sistemində dəyişikliklər edilib. Niyazovun “Ruhnamə” kitabının məcburən oxumaq qaydasına son qoyulub, ölkənin xarici aləmdən təcrid olunması dayandırılıb. İnternet-kafelər açılıb.

Xalqın lideri

Türkmənistanda Berdiməhəmmədovun şəxsiyyətinə pərəstiş var . O, “Arkadağ” (himayədar) “Xalqın Lideri" və çoxsaylı dəbdəbəli ləqəblərlə bağlı qeyri-rəsmi titullar daşıyır. Onun atasının adına hərbi hissə, babasının adına isə məktəblər mövcuddur. Prezidentin əlli illiyi yubileyi ilə bağlı ölkənin Mərkəzi Bankı 2007-ci ildə onun portreti əks olan qızıl və gümüş sikkə buraxıb.



Prezidentin 56 yaşında ad günündə məşhur müğənnilər - Cennifer Lopez, Mustafa Sandal, Ziynet Sali, Filipp Kirkorov, Ani Lorak, Sati Kazanova və “Refleks” qrupu iştirak edib. Bayram konsertinin finalında Cennifer Lopez məşhur mahnı “Happy Birthday, Mr. President” ifa edib. 2015-ci ildə 24 karat qızılla örütlümüş 21 metrlik heykəlinin açılışı olub.

Şəxsi Həyatı

Bəzi mənbələrin iddiasına görə, Qurbanqulu Berdımuhəmmədov iki dəfə evlənib. Onun türkmən qızı ilə evləndiyi birinci nikahından oğlunun olduğu bildirilir. İndiki həyat yoldaşı, belə demək mümkünsə, Türkmənistanın birinci ledisi hesab olunan milliyyətcə rus Marinadan isə yeniyetmə yaşlarında olan bir qızı var. Digər məlumata görə, Türkmənistanın dövlət başçısının bir oğlu, üç qızı və dörd nəvəsi var.



Sərdar adlı oğlu hazırda millət vəkilidir. Sərdarın Moskva Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin məzunu olduğu və daha əvvəl Türkmənistanın Xarici İşlər Nazirliyində işlədiyi bildirilir. Deyilənə görə, prezidentin böyük qızı Gülcahan İxlasgəldi Amanovla evlidir, mənzil-qərargahı Londonda yerləşən təbii ehtiyatların idarə edilməsi və istifadəsi üzrə Türkmənistan dövlət agentliyində işləyir.

İdman ustası

Qurbanqulu Berdiməhəmmədov 1972-ci ildə klassik güləş üzrə Türkmənistan çempionu, 1973-ci ildə atıcılıq üzrə Aşqabadın çempionu olub. Yerli mətbuatın xəbərinə görə, Berdiməhəmmədov vətən haqqında şeirlər yazmaqla, idmanla, at sürmək və müxtəlif musiqi alətlərində ifa etməklə maraqlanır. Eyni zamanda elmi əsərlərin, bır sıra kitabların müəllifidir.



Ölkədə keçirilən avtomobil yarışlarında Türkiyə istehsalı olan “Volkicar” avtomobili ilə yarışın qalibi olub. Maşın, hazırda “Milli İdman Muzey”ində saxlanılır. Karate üzrə10-cu dan, taekvondo üzrə 7-ci dərəcəli qara kəmər sahibidir. “Karate-do” Federasiyasının fəxri üzvüdür. Alman və rus dillərini bilir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:  





Xəbər lenti