Ermənilər Metsamorun bağlanmasını tələb edirlər

Ermənilər Metsamorun bağlanmasını tələb edirlər
  06 Fevral 2017    Oxunub:2260
Ötən ay Metsamor Atom Elektrik Stansiyasının (AES) yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza Ermənistanda əhalinin narahatlığını artırıb. Ölkə vətəndaşları stansiyanın fəaliyyətinin təcili dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara şikayət məktubu ünvanlayıblar.
Stansiyaya yaxın ərazidə yaşayan insanlar eyni hadisənin yenidən təkrarlanacağından qorxurlar. Metsamorun fəaliyyətinin real təhlükə olduğunu bildirən vətəndaşlar stansiyanın bağlanması üçün dəfələrlə aidiyyəti qurumlara şikayət ərizələri ünvanlayıblar. Ötən il isə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə məktub göndərilib. Problemin həllini tapmadığını görən vətəndaşlar yenidən beynəlxalq təşkilatlara müraciət ediblər.

“Joxovurd” qəzetinin məlumatına görə, Metsamorun zəlzələdən dağılma ehtimalı da yüksəkdir. Bu stansiya həm də ekoloji fəlakət mənbəyidir. Stansiyanın yaratdığı kimyəvi tullantılar nəticəsində Syunik vilayəti yararsız əraziyə çevirib. Tullantıların yığıldığı gölməçələrdən xeyli aralıdakı kəndlərdə ermənilərin əkdiyi ərzaq məhsullarında, xüsusilə kartofda insan sağlamlığı üçün təhlükəli sayılan kimyəvi maddələr aşkarlanıb.

Ermənistan Elmlər Akademiyasının Ekologiya Tədqiqatları Mərkəzi tərəfindən ərazidə aparılan araşdırmalar zamanı bölgənin suyunda radioaktiv qarışıqlı tullantıların olduğu müəyyənləşib. Ölkə vətəndaşları AES-in fəaliyyətinin dayandırılması üçün BMT-dən təcili tədbir görməsini tələb edirlər. (Azərtac)

AzVision.az


Teqlər:  





Xəbər lenti