Lavrov Lapşinin Bakıya ekstradisiyasından danışdı

Lavrov Lapşinin Bakıya ekstradisiyasından danışdı
  17 Yanvar 2017    Oxunub:2334
“Biz istənilən jurnalist və şəxsin hər hansı yeri ziyarət etməsinin kriminallaşdırılmasının əleyhinəyik. Biz, həmçinin Rusiya vətəndaşının üçüncü ölkəyə ekstradisiyasına qarşıyıq”.
AzVision.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.

“Bizim Belarusla istənilənilən şəxsin ekstradisiya sahəsində vahid siyasətimiz mövcuddur və bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət aparmışıq. Lapşin, həmçinin İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək”.

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.

A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti