Metsamorun təhlükəsizliyinə ayrılan yüz milyonlar haradadır?

Metsamorun təhlükəsizliyinə ayrılan yüz milyonlar haradadır?
  27 Dekabr 2016    Oxunub:3129
MAQATE-nin nüvə təhlükəsizliyi üzrə ekspertlər qrupu bir həftə əvvəl Ermənistandakı Metsamor AES ilə bağlı qiymətləndirməni başa çatdırıb. Argentina, Bolqarıstan, Kanada, Hindistan, Ukraynadan ekspertlərin daxil olduğu qrup stansiyanın istismarı, idarə olunması və insan resursları ilə bağlı rəy verib.

Ekspertlər uzunmüddətli istismar üçün stansiyanın təhlükəsizliyini gücləndirməklə bağlı bəzi tövsiyələr irəli sürüblər. AES-in rəhbərliyi tövsiyələri yerinə yetirməyə hazır olduğunu bildirib və 18 ay sonra komissiyanın yenidən gəlməsini xahiş edib.

Əsas məsələ də elə burada ortaya çıxır: 1993-cü ildən bəri Metsamor AES-in təhlükəsizliyinə $200 milyondan çox pul xərclənib. Stansiyanın istismar müddətinin uzadılması üçün isə daha $300 milyon dolların sərf edilməsi nəzərdə tutulur. Bunun üçün 2019-cu ilə qədər Rusiya hökuməti Yerevana $270 milyon kredit ayıracaq və $30 milyon qrant verəcək.

Qeyd edək ki, bütün bunlar stansiyanın fəaliyyət müddətinin cəmi 10 il – yəni 2026-cı ilə qədər artırılması üçündür. Belə çıxır ki, 1993-2026-cı illərdə Metsamor AES-in təhlükəsizliyini təmin etməyə 500 milyon dollar pul xərclənib. 33 ilə yarım milyard dollar! Orta hesabla götürəndə, bu, ilə 15 milyon dollardan çox vəsait deməkdir. Bəs o qədər pullar hara gedib?

Maraqlıdır ki, MAQATE-nin hesabatından bir gün sonra Ermənistanda prezident Serj Sarkisyanın başçılığı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Toplantıda enerji infrastrukturu və təbii ehtiyatlar naziri Aşot Manukyan “Radioaktiv tullantılar və işlənmiş nüvə materiallarının təhlükəsiz idarə olunması Konsepsiyası”nı təqdim edib. Konsepsiya nüvə tullantılarının MAQATE-nin standartlarına uyğun utilizasiyası haqqındadır.



Yəni indiyə qədər 200 milyon dollardan çox pul xərclənsə də, Ermənistanda hələ də nüvə tullantılarının etibarlı utilizasiyası aparılmır. Bu təhlükəli materiallar qanunsuz yollarla xaricə daşınır, “çirkli” bombaların yaradılmasında istifadə edilir, hətta terrorçu qrupların da əlinə düşməsi istisna deyil. 2002-ci ildə ABŞ-ın İrana qarşı sanksiyalarına baxmayaraq, Ermənistan şirkətləri bu ölkəyə nüvə texnologiya və materialları satmışdılar. Yəni heç nə, hətta ABŞ-ın qadağası belə, Metsamordan nüvə materiallarının çıxarılmasının qarşısını almağa qadir deyil. Ora bir növ radioaktiv məhsulların “qara bazar”ına çevrilib. Elə isə, hansı təhlükəsizlikdən söhbət gedir?

Ermənistanın Təhlüksizlik Şurasının toplantısında məsələni qaldırmaqla isə sırf Sarkisyan hökuməti özünü sığortalamağa çalışır. Məsələ ondadır ki, ayrılan 200 milyon dolların böyük bir hissəsi sadəcə olaraq, erməni məmurları tərəfindən mənimsənilib. Və heç bir zəmanət yoxdur ki, növbəti 300 milyonu da eyni tale gözləməyəcək.

Ona görə də, nə qədər ki, Ermənistanı indiki korrupsioner hakimiyyət idarə edir, Metsamorun təhlükəsizliyini təmin etmək praktik olaraq, mümkün deyil. Stansiyanın təhlükəsizliyi üçün ayrılan kreditlər Sarkisyan və yaxın ətrafının cibinə gedəcək, onun qaytarılması isə erməni xalqının belinə yüklənəcək. Metsamor isə bütün region və hətta dünya üçün ciddi təhlükə olaraq qalmaqda davam edəcək.

Tariyel Həsənov

AzVision.az


Teqlər:





Xəbər lenti