FTB-dən Klintona ağır zərbə - Cinayət işinin sənədləri dərc edildi

FTB-dən Klintona ağır zərbə - Cinayət işinin sənədləri dərc edildi
  02 Noyabr 2016    Oxunub:6722
ABŞ Federal Təhqiqatlar Bürosu (TFB) sabiq prezident Bill Klintona qarşı 15 il əvvəl başlanmış cinayət işinin sənədlərini dərc edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, cinayət işi Klintonun sahibkar və “Glencore” şirkətinin təsisçisi Mark Riçi əfv etmək qərarı ilə bağlı olub.

Qeyd edək ki, Riç vergidən yayınma və İranla qanunsuz işbirliyi qurmaqda ittiham olunub. Klinton 20 yanvar 2001-ci il tarixində, prezident səlahiyyətlərinin başa çatmasına bir neçə saat qalmış, Mark Riçi əfv edib.

Klintonun əleyhdarları Riçin qızının Demokratlar Partiyasına 1 milyon dollar, həmçinin, sabiq birinci xanım Hillari Klintonun senata seçki kampaniyasına 100 min dollar və Bill Klintonun prezident kitabxanasına 450 min dollar verdiyini iddia ediblər. Bu iş üzrə istintaqı prokuror, FTB-nin hazırkı direktoru Ceyms Komi aparıb. Ceyms Komi Mark Riçin Klinton tərəfindən əfv olunmasına qarşı sərt çıxış edib. İş cinayət tərkibinin olmaması ilə bağlı 2005-ci ildə bağlanıb. 129 səhifəlik sənədə görə FTB 2001-ci ildə Bill Klintonun əməllərinin qanunsuz olduğunu ehtimal edib.

Sənədin dərc olunması tarixi isə ABŞ mətbuatında çoxlu suallar doğurub. Hazırda FTB direktoru və qeyd olunan iş üzrə sabiq prokuror Ceyms Komi və ölkə prezidentliyinə namizəd Hillari Klinton arasında ciddi qarşıdurma mövcuddur.

Komi ötən həftə Konqresə ünvanladığı məktubda sabiq dövlət katibi Hillari Klintonun elektron poçtu ilə bağlı istintaq üzrə yeni sənədlərin olduğunu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti