Odunçunun prezident oğlu – Peresin həyat hekayəsi (FOTOLAR)

Odunçunun prezident oğlu – Peresin həyat hekayəsi (FOTOLAR)
  28 Sentyabr 2016    Oxunub:26466
Xəbər verdiyimiz kimi, bu gün İsrailin sabiq prezidenti Şimon Peres 93 yaşında dünyasını dəyişib. Eks-prezident Tel-Əvivdəki xəstəxanalardan birində vəfat edib.

İki həftə əvvəl qəfil iflic keçirən Peres Şeba Tibbi Klinikasının reanimasiya bölməsində müalicə alırdı. Onun səhhəti ötən gündən etibarən pisləşməyə başlayıb.

AzVision.az Şimon Peresin tərcümeyi-halını təqdim edir:

- Şimon Peres 1923-cü ilin avqustun 2-də Polşanın Vişneva rayonunda anadan olub. Atası İsaak Perski odunçuluqla məşğul olub. Şimonun anası Sara Melser təsərrüfat sahəsində işləyib. Valideynlərinin ağır iş şəraiti ilə əlaqədar Şimon ravvin olan babası Svi Melserin yanında böyüyüb və ondan tərbiyyə alıb.
Şimonun babası yəhudi poeziyasının bilicilərindən idi. Babasından ilham alan Şimon 10 yaşında şeir yazmağa başlayıb. Onun şeirlərini tanınmış yəhudi şairi Haim Nehman Balika da bəyənib.

Peres qələmə aldığı şer və hekayələrini İsrail dövləti yaradılandan sonra nəşr etdirib.



1931-ci ildə Fələstinə gələn ata Peres taxıl ticarəti ilə məşğul olmağa başlayıb. Bundan sonra maddi vəziyyəti yaxşılaşan İsaak 1934-cü ildə ailəsini yanına gətirib.
Peres 1934-cü ildə anası və kiçik qardaşı Qerşa ilə birlikdə Fələstinə gəlib. Şimon Peres Təl-Əviv şəhərinin sayılıb-seçilən təhsil ocaqlarından olan "Belfur" gimnazisiyasını bitirdikdən sonra kənd təsərrüfatı üzrə ixtisaslaşmış peşə məktəbində təhsilini davam etdirib. 1945-ci ildə o, həyat yoldaşı Sonya Qelmonla tanış olub. Peres bir müddət fermer kimi müxtəlif yerlərdə işləyib.

Peres İsrailin sayca 9-cu prezidenti olub.

O, 1959-cu ildən 2006-cı ilə qədər dəfələrlə İsrail parlamenti Knessetə üzv seçilib. “Avod” (Fəhlə) Partiyasının lideri olub.
1994-cü ildə Yasir Ərəfat və İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb.

2008-ci ilin noyabrında isə Böyük Britaniya Krallığı tərəfindən “Böyük xaç” cəngavər ordeni ilə təltif edilib.

1959-cu ildə ilk dəfə İsrail parlamenti Knessetə üzv seçilən Şimon elə həmin il İsrail Müdafiə nazirinin müavini təyin edilib.



Peres orduda yarımçıq qalan islahatları davam etdirməyə başlayıb. Bu dövrdə onun əsas xidmətlərindən biri müxtəlif kanallarla ölkənin silah təminatı ilə məşğul olmaq olub. 1965-ci ildə Ş.Peres partiyadaxili mübarizələrdən sonra üzvü olduğu MAPAİ partiyasının sıralarını tərk edərək David Ben-Qurionla birlikdə “İsrail Zəhmətkeşləri Siyahısı” adlı hərəkatı yaradıb. Elə həmin zaman Şimon Peres bu hərəkatın Baş katibi seçilib. 1967-ci ildə baş verən 6 günlük müharibədən sonra RAFİ hərəkatı, MAPAİ və "Axdut Xa-Oveda Poaley Sion" hərəkatları birləşdirilərək "Avod" (Fəhlə) Partiyası yaradılıb.

Peres bu partiyanın iki katibindən biri seçilib. Bundan sonra Peres müxtəlif nazir postlarını icra edib.

1974-cü ildə İsaak Rabin hökumətində müdafiə naziri vəzifəsini icra edən Peres partiyadaxili mübarizədə İsaak Rabini üstələyə bilib. O, 1977-ci ildə həm Avod Partiyasının liderinə çevrilib, həm də Baş nazir vəzifəsini icra etməyə başlayıb. Ancaq 1977-ci ildə 9-cu çağırış Knessetə seçkilərdə onun partiyası tarixində ilk dəfə olaraq məğlub olub və Peres parlamentdə müxalifət liderinə çevrilib.

1981-ci ildə keçirilən parlament seçkilərində yenidən məğlubiyyətə düçar olan Ş.Peres ikinci dəfə müxalifətdə qalmağa məcbur olub.

1984-cü ildə keçirilən parlament seçkiləri nəticəsində ölkədə Milli Birlik hökuməti qurulub. Rotasiya qaydalarına uyğun olaraq Peres iki il müddətində İsrailin Baş naziri vəzifəsini icra edib. 1988-1990-cı illərdə Peres İsrailin Baş nazirinin müavini və maliyyə naziri vəzifəsini icra edib.

1990-cı ildə partiyada yenidən Rabin-Peres qarşıdurması yaranıb. 1992-ci ildə keçirilən parlament seçkiləri ərəfəsində o, partiyadaxili mübarizədə İsaak Rabinə məğlub olub. 1992-ci ildə İsaak Rabin hökumətində xarici işlər naziri postuna təyin olunan Peres bu dövrdə ərəb ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə qaydaya salıb, Fələstin Azadlıq Təşkilatı (FAT) ilə sülh danışıqlarının ideoloquna çevrilib.



Təsadüfi deyil ki, onu “ərazilərin əvəzində sülh” siyasətinin müəllifi adlandırırlar.

Peresin səyi nəticəsində 1993-cü ildə fələstinlilərlə, bir il sonra isə İordaniya hökuməti ilə müqavilə imzalanıb. 1994-cü ildə Yaxın Şərq probleminin sülh yolu ilə həllində göstərdiyi xidmətlərinə görə, Peres Rabin və Yasir Ərəfatla birlikdə Nobel Sülh Mükafatına layiq görülüb.

1995-ci ildə İsaak Rabinin sui-qəsd nəticəsində həyatını itirməsindən sonra o, müvəqqəti olaraq hökumətə başçılıq etməklə yanaşı, ölkənin müdafiə naziri vəzifəsini də icra etməyə başlayıb. 1997-ci ildə partiya liderliyini Ehud Baraka təhvil verərək, vəzifəsindən uzaqlaşıb. Bu zaman o, yalnız Knessetin üzvü kimi fəaliyətini davam etdirib.
Peres 1999-cu ildə növbəti dəfə İsrail parlamentinə üzv seçilib. 2001-ci ildə Peres Ariel Şaron kabinetində Baş nazirin müavini və xarici işlər naziri postuna təyin olunub. 1999-2005-ci ildə Peres yenidən Avod lideri seçilib.



2005-ci ilin yanvarında onun partiyası İsrailin Qəzza zolağından çəkilməsi məsələsini qəbul edib. Elə həmin il partiyadaxili mübarizədə məğlub olan Peres Ehud Olmertin rəhbərlik etdiyi Kadima partiyasının seçkiqabağı siyahısında ikinci şəxs olmağı qəbul edərək, bu partiyanın sıralarına daxil olub.

O, 2006-cı ilin aprelində yenidən Knessetə üzv seçilib. Peres İsraildə daim "məğlub siyasətçi" imicini formalaşdırıb. Belə ki, o, mübarizə apardığı beş seçkidə məğlubiyyətə düçar olub. Ona “uğurlu bəxtigətirməz” siyasətçi də deyilirdi.

2000-ci ildə keçirilən prezident seçkilərində Peres namizədliyini irəli sürsə də, Moşe Katsava məğlub olub.

O, 2007-ci il iyunun 13-də keçirilən seçkidə qalib gələrək prezident postuna yiyələnib.

O, ilk turda Knessetdə 120 millət vəklinin 58-nin səsini toplaya bilib. 2008-ci ilin noyabrında isə Peres Böyük Britaniya Krallığı tərəfindən "Böyük xaç" cəngavər ordeni ilə təltif edilib. Peresin 3 övladı və altı nəvəsi var. Qızı professor Sviya (Siki) Valden ixtisasca filoloqdur. Böyük oğlu Yonatan aqronom və veterinar, kiçik oğlu Nexamiya isə pilotdur. Öz məsləyini tərk edərək, bizneslə məşğul olmağa başlayan Nexamiya "Pitanqo" investisiya fondunun rəhbəri seçilib.

Tanınmış Hollivud ulduzu aktrisa Loren Bakal (Betti Coan Perski) də Şimon Pereslə qohumdur.

İsrail prezidenti 11 kitab müəllifidir. Onun qələmə aldığı kitablardan bir çoxu Ərəb-İsrail münaqişəsindən bəhs edir. Özünü tərcüməçi kimi də sınamış Peres Tolstoy, Sartr, Alber Kamyu və bir sıra tanınmış yazıçıların əsərlərindən tərcümələr edib.





Peres prezident vəzifədə olduğu vaxt Azərbaycanla münasibətlərə xüsusi önəm verib və o, Qarabağ münaqişəsinə dair Azərbaycana dəstək nümayiş etdirib.

Hazırladı: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti