“Atam ona oğul kimi yanaşırdı” - Prezident

“Atam ona oğul kimi yanaşırdı” - Prezident
  19 Dekabr 2014    Oxunub:3925
Bu gün SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər.
AzVision.az xəbər verir ki, açılış mərasimində Müslüm Maqomayevin xanımı Tamara Sinyavskaya və Azərbaycan prezident İlham Əliyev çıxış edib.

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edən SSRİ xalq artisti Tamara SİNYAVSKAYA dedi:

- Çox sağ olun, cənab Prezident! Dedilər ki, mən indi bu gəminin “xaç anası” kimiyəm və onun “yolu uğurlu olsun” sözlərini deməliyəm.

Cənab Prezident, Sizə böyük minnətdarlığımı bildirirəm. Mən gözləmirdim ki, Müslüm Maqomayevin vəfatından 6 il sonra sakit gülümsəyə bilərəm. Gözləmirdim, çünki burada göz yaşlarından başqa məndə tamamilə fərqli hisslər oyanır. Cənab Prezident, mənim fikrimdə tutduğum arzumu qısa vaxt ərzində gerçəkləşdirdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Məni qoruyan mələk isə həmişə Mehriban xanım Əliyeva olub və bundan sonra da olacaq.

Müslüm Maqomayevin bənzərsiz yaradıcılığından danışan Prezident İlham ƏLİYEV onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq dedi:

- Bu gün həqiqətən gözəl bir gündür. Müslümün adı verilən bu gəmi gözəl ölkəmizə, Müslümün çox sevdiyi, bağlı olduğu, şərəfinə “Azərbaycan” adlı çox gözəl mahnı bəstələdiyi vətəninə xidmət edəcək. Bu gün bu nəğmə ölkəmizin rəmzidir. Müslümün bəstələdiyi “Dəniz” mahnısı bizim şəhərimizə, dənizə olan məhəbbətini əks etdirir. Yəqin ki, dəniz haqqında daha yaxşı mahnını heç kəs bəstələməyib. Bu gün bu, bizim əziz Müslümümüzün, Azərbaycan xalqının fəxrinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ilk addımdır. İlk, amma sonuncu addım deyil. Gələcəkdə də addımlar atılacaq. Onun adı bizim xatirəmizdə, qəlbimizdə, Azərbaycan xalqının, Rusiyanın ürəyində əbədi yaşayacaq. Çünki o, həmişə deyirdi ki, Azərbaycan mənim atam, Rusiya isə anamdır. Müslüm Azərbaycanda anadan olub, formalaşıb, məşhurlaşıb, Rusiyada isə ümumdünya şöhrəti qazanıb, öz yaradıcı potensialını tam reallaşdıra bilib. Nadir şəxsiyyət, çoxtərəfli istedad olub. Bir şəxsiyyətdə bu qədər istedadın birləşməsini təsəvvür etmək çətindir. Amma bu, həqiqətən belə idi. Onu tanıyanlar bunu bilirdilər. Bununla yanaşı, Müslüm gözəl insan idi. Bir şəxsiyyətdə həm insani, həm yaradıcı keyfiyyətlərin cəmləşməsi çox nadir haldır. Bu günə qədər heç kəs Müslümün mahnılarını onun özü kimi ifa edə bilmir. Cəhdlər çoxdur. Bu, başadüşüləndir, onun mahnılarını ifa etmək arzusunda olanlar çoxdur. Mən bunu alqışlayıram. Çünki bu mahnılar yaşamalıdır. Lakin bu günə qədər heç kim bu mahnıları Müslüm kimi ifa edə bilməyib. Düşünürəm ki, bundan sonra da bunu edə bilməyəcəklər. Bu gün də hər dəfə onun mahnılarını dinləyəndə sevinc hissi duyuruq, Müslümün bizi çox tez tərk etməsindən isə kədərlənirik. Müslüm bizim ürəyimizdə, xatirəmizdə, dostlarının yaddaşında yaşayır.

Biz onunla çox yaxın dost olmuşuq, bir-birimizə böyük rəğbət və hörmətlə yanaşmışıq. Çox şadam ki, bu gün Tamara və Mehribanla gəmidə Müslümün atamla birlikdə olduğu və onların münasibətlərini əks etdirən fotolara baxdıq. Atam ona oğul kimi, o isə Heydər Əliyevə ata kimi yanaşırdı. Düşünürəm ki, bizim ailəvi münasibətlərimizdə hökm sürən ab-hava bütün cəmiyyətə sirayət edib. Müslümü Azərbaycanda seviblər, sevirlər və bundan sonra da əbədi olaraq sevəcək və xatırlayacaqlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti