İran PUA-larındakı Qərb detalları: Onlar haradan sızır?

   İran PUA-larındakı Qərb detalları:    Onlar haradan sızır?
  14 Avqust 2023    Oxunub:2790
İran PUA-larının elektron təchizatı 82%-i Qərbdən sızan komponentlərdən ibarətdir. Münaqişə Silahlarının Tədqiqi Qrupu Ukraynanın vurduğu İran PUA-larının və İran mənşəli idarə olunan döyüş sursatlarının komponentlərini analiz edəndən sonra bu qənaətə gəlmişdi.
Ukrayna kəşfiyyatı həmin rəqəmi bir qədər də dəqiqləşdirmişdi: İranın vurulmuş PUA-sından tapılan təxminən 52 komponentdən 40-ı ABŞ-ın 13 firması tərəfindən istehsal edilib.

Lakin İran dronlarda tapılan təkcə Amerika komponentləri deyil. BMT-nin Yəmən üzrə ekspertlər qrupu İran istehsalı olan PUA-ların Səudiyyə Ərəbistanındakı neft qurğularına hücumundan sonra onların qalıqlarını araşdırmışdı. Məlum olmuşdu ki, İran PUA-larında Böyük Britaniya, Polşa, İsveç, İtaliya, Yaponiya, İrlandiya, Cənubi Koreya, ABŞ kimi ən azı yeddi ölkədə istehsal olunan hissələrdən istifadə edilib.

Bu qəbuledilməz vəziyyəti düzəltmək üçün bu ilin aprelində Konqresin Nümayəndələr Palatasına transatlantik texnologiyalardan istifadəyə dair qanun layihəsi təqdim edilmişdi. Layihə Ticarət Departamentindən və Dövlət Departamentindən İranın pilotsuz təyyarələrinin istehsalında istifadə olunan komponentlərin sızmasını dayandırmağa yönəlik strategiyalar hazırlayıb Konqresə təqdim etməyi tələb edir.


Öz növbəsində Pentaqon da İranın PUA-lar üçün texnologiya əldə etməsinə mane ola biləcək bir sıra variantlar üzərində işləyir. Bayden administrasiyası İranın pilotsuz təyyarələrində istifadə edilən Amerika və Qərb komponentlərini necə əldə olunduğunu araşdırmaq üçün çoxdan işçi qrupu yaradıb. Ancaq bir şey artıq aydındır: əməliyyat qrupunun hərəkətləri çox gecikib və hələ də yetərli deyil. Bununla bağlı ekspertlər qeyd edirlər ki, ABŞ kəşfiyyat agentlikləri hazırda İranın pilotsuz uçuş aparatları üçün komponentləri necə əldə etdiyinə, bu dronları aşkarlamaq və vurmaq üçün ən yaxşı üsullara dair məlumat əldə etmək üçün Ukraynadan və Yaxın Şərqdəki müttəfiqlərindən kəşfiyyat məlumatlarının toplanması işini koordinasiya etmək üçün səyləri artırıblar.

Artıq təxminən məlumdur ki, elektron avadanlıqların İrana tədarük olunduğu iki əsas kanalın maksimum bağlanması planlaşdırılır. Bunlar Çin və Ərəb Əmirlikləri tranzitləridir. İyun ayında Ukraynanın özəl araşdırma qruplarından biri ölkədə çalışan və müşahidə kameralarının istehsalı ilə məşğul olan iki böyük Çin şirkətinin (“Hikvision” və “Dahua”) fəaliyyəti ilə bağlı dövlət qurumlarına xəbərdarlıq edib. Onların fikrincə bu şirkətlərdən Çinin kəşfiyyat xidmətlərinə məlumat sızır. Bundan əlavə, həmin şirkətlər Rusiya və İranın PUA istehsalçılarını müşahidə avadanlıqları ilə təchiz edirlər. Müharibə başlayandan sonra onların Rusiyadakı xalis mənfəətləri kəskin şəkildə artıb.


Birləşmiş Ərəb Əmirliklərindən sızmalara gəlincə, ABŞ kəşfiyyat orqanları elektron komponentlərin oradakı İran firmaları vasitəsilə qaçaqmalçılıq yolu ilə aparıldığını hesab edir. Əsas ittiham İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Əli Şamxaninin firmalarına yönəlib. Amerikalılar onun Dubayda qaçaqmalçılıqla məşğul olan gizli şirkətlər şəbəkəsini idarə etdiyini düşünürlər.

Məlumata görə, Şamxani biznesini inkişaf etdirərkən siyasi himayədən istifadə edib və İranın bəzi yüksək vəzifəli şəxsləri onun fəaliyyətlərindən faydalanıblar. Onun müəssisələrinə 2011-ci ildə qurulan “Admiral Group” gəmiçilik şirkəti də daxildir. Şamxani biznes şəbəkəsini genişlətmək üçün müxtəlif qeyri-leqal yollardan da istifadə edir. “Admiral Group” Dubayda qeydiyyatdan keçib və rəsmi olaraq Şamxaninin oğulları Həsən Şamxani ilə Hüseyn Şamxani tərəfindən idarə olunur. Qardaşlar sanksiyalardan yayınmaq üçün Sent Kitts və Nevis pasportları (150-400 min dollara satılır) var. Onlar Kəşfiyyat və Daxili Təhlükəsizlik Nazirliyindən gələn məlumatlardan öz xeyirlərinə istifadə ediblər.

Hüseyn Şamxani hazırda ABŞ FTB tərəfindən axtarışdadır. Əli Şamxani Şarja əmirinin yaxın məsləhətçilərindən olan Sultan bin Məhəmməd əl-Qasimi ilə yaxın münasibətdədir və Dubayda daşınmaz əmlaka sərmayə qoyur, “Səma” binasının şəriklərindəndir. Binada rəsmi olaraq Hindistanlı Cey Sankar Vişvanatana məxsus “Volta Shipping Services” şirkəti də yerləşir. Dubayda rəsmi qeydiyyatdan keçmiş və hindistanlı Preeta Sunil Kumar tərəfindən idarə olunan bu şirkət “Admiral Group” ilə əlaqələrə malikdir. Onlar eyni IP ünvanlarından və e-poçt domenlərindən istifadə edir lər. Bu, Şamxani ailəsinə əsasən Dubaydan İrana, Hindistana, Sinqapura və əksinə uçuşlar həyata keçirən bir neçə dəniz yükdaşıma şirkətini idarə etməyə imkan verir.

Hazırda ABŞ-ın əsas qayğısı Qərb texnologiyalarının İrana sızmasını təmin edən bu kanalları qapatmaqdır. Hələ ki Vaşinqtonun buna nail olduğunu göstərən əlamət yoxdur. Görünür, şəbəkənin gizlində qalan qolları daha genişdir.

Tariyel Həsənov
AzVision.az


Teqlər:   İran   PUA   Dron  





Xəbər lenti