Milli Məclisdə uşaqlarla bağlı müzakirə

11:42   21 Aprel 2017    Oxunub: 257

“Orta məktəblərin yaxınlığında, dəftər və qələmlərin üzərində reklamlar əks olunurdu. Hətta cizgi filmləri nümayiş olunarkən fasilələrlə reklamlar verilirdi. Bunların hamısına qadağa qoyuldu”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” qanununa dəyişiklik layihəsi müzakirə olunan zaman deyib. Komitə sədri qeyd edib ki, hazırda bu sahədə çox ciddi nəzarət var.

Deputat Astan Şahverdiyev bildirib ki, uşaqlara nifrət aşılana bilməz. Onun sözlərinə görə, Ermənistanda uşaqlara nifrət aşılanır.

Deputat şagirdlərin məktəblərdə müəllimləri tərəfindən döyülməsindən danışıb: “Bəzən görürük ki, hansısa şagird müəllimi tərəfindən döyülüb. Bu cür hallar yolverilməzdir. Düzdür, cəza tədbirləri görülür. Amma hər uşaq, valideyn şikayət edə bilmir. Ona görə də uşaqları qorumaq lazımdır”.

Deputat Tahir Rzayev bildirib ki, ictimai nəqliyyat vasitələrində yerləşdirilən reklamlara nəzarət etmək lazımdır: “Bəzən açıq-saçıq reklamlar yerləşdirirlər. Uşaqlar da o avtobusdan istifadə etdiyinə görə belə reklamlar onlara zərərlidir”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: MilliMəclis    




Rubrikanın digər yazıları