Hesablama Palatasının sədri: "Bəzi məmurlar cəzalandırılmayıb"

Hesablama Palatasının sədri: "Bəzi məmurlar cəzalandırılmayıb"
  14 Aprel 2017    Oxunub:3213
Milli Məclisin növbəti plenar iclası başlayıb.
AzVision.az xəbər verir ki, iclasda Hesablama Palatasının 2016-cıil üzrə hesabatı müzakirəyə çıxarılıb.

Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. O, bildirib ki, 2016-cı ildə 155 qurum auditlə əhatə olunub. Sədrin sözlərinə görə, nəzarət ilində tədbirlərinin sayı əvvəlki illə müqayisədə 9,8% az olub: “Auditlə əhatə olunmuş vəsaitin məbləği isə əksinə 32,4% çox olub. Ümumilikdə əhatə dairəsi 5.6 mlrd. manat vəsait olub ki, bunlardan 14,5%-i yerli xərclər üzrə olub. Hesabat ilində nöqsanlar vahid yanaşma tətbiq etməklə təsnifləşdirilib. Ümumilikdə, 825 nöqsan aşkar edilib. Nöqsanların 21%-i büdcə qanunvericiliyin pozulması, 20,2%-i mühasibat uçotu ilə bağlı,12,5%-i vergi qanunvericiliyinin pozulması ilə bağlı olub. Təhlillər göstərir ki, həm say və həm də məbləğdə xüsusilə də əsaslı təmir və tikintidə, mühasibatlığın və uçotun aparılmasında, satınalmaların keçirilməsində nöqsanlar xüsusilə seçilir”.

V.Gülməmmədov qeyd edib ki, təhlillər nəticəsində 52,4 mln. manat vəsaitin təyinatının dəyişdirildiyi müəyyən edilib: “Satınalmalar zamanı nöqsanlara satınalan məhsulun qiymətinin müəyyən edilməməsi, satınalma metodları tətbiq edilmədən və metodların dəyişdirilməsi daxildir. Vəsaitlərin səmərəsiz istifadəsi də diqqətdə saxlanıb. Hesablama Palatası hesab edir ki, bu istiqamətə 82,9 mln. manat vəsait yönəldilib. Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında nöqsanlar da diqqətə çatdırıb. Audit olunan qurumlar tərəfindən ölkədə və kənarda keçirilən tədbirlərin smetasında iştirakçı sayının əsassız artırılması, səhmdar cəmiyyətləri tərəfindən dövlət əmlakından səmərəli istifadə olunmamaması müəyyən edilib”.

Hesablama Palatasının sədri vurğulayıb ki, 2016-cı ilin fəaliyyəti nəticəsində 111,3 mln. manat, vəsaitin bərpası təmin edilib: “Bu da əvvəlki il ilə müqayisədə 9,6% çoxdur. Bundan başqa, DSMF-ın büdcəsinə də 282 min manat vəsait bərpa edilib. Həmçinin nəzarət tədbirlərinin nəticəsi kimi 443 nəfər barədə intizam tədbirləri müəyyən olunub”.

V.Gülməmmədov vurğulayıb ki, bəzi qurumlar tərəfindən nöqsanlara və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.

Çıxışdan sonra Hesablama Palatasının hesabatının müzakirəsinə başlanılıb.

***

Hesablama Palatasının hesabatı müzakirələrdən sonra qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti