Cinayət Məcəlləsinə `feysbuk düzəlişi` kimləri narahat etməlidir? – Deputatın şərhi

Cinayət Məcəlləsinə `feysbuk düzəlişi` kimləri narahat etməlidir? – Deputatın şərhi
  16 Noyabr 2016    Oxunub:15258
Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə Cinayət Məcəlləsinə internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə üçün məsuliyyət müəyyən edən yeni maddə təqdim edilib. Layihə ilkin olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin iclasında müzakirə ediləcək.

Layihə barədə artıq mətbuatda bəzi dəqiq olmayan şərhlər yayılmaqdadır. Buna görə də, AzVision.az Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Vüsal Hüseynovun fikirlərini təqdim edir.

Millət vəkili özünün feysbuk səhifəsində - facebook.com/VusalHuseynov2015,- bildirib ki, layihənin məzmunu adı ilə tam uyğundur, yəni bu Qanun layihəsi qəbul edildiyi təqdirdə saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə cinayət məsuliyyəti yaradacaq və uyğun cəza növü ilə cəzalandırılacaq. Burada saxta istifadəçi adlar, profil və ya hesablar dedikdə, internet informasiya ehtiyatlarında, o cümlədən, sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad, və ya ata adına dair yalan məlumat yerləşdirmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adları, profil və ya hesablar başa düşülür.

- İlkin qeyd edilməlidir ki, saxta ad, profil və hesabdan istifadə etməklə, hər hansı fikiri paylaşma, tənqidi fikirlər bildirmə, kimisə tənqid etmə, yalan məlumat vermə, müzakirə etmə, ara qızışdıran çağırışlar və sair heç bir hallar bu maddənin təsiri altına düşmür.- deyə millət vəkili yazır.- Burada yalnız böhtan və ya təhqir məqsədilə (hər iksi mövcud Qanuna əsasən cinayət hesab edilir) bu üsulun istifadəsi nəzərdə tutulur. Ümumən layihəyə nəzər saldıqda, ilkin olaraq ictimai məlumat kimi əhəmiyyətli yenilik təəssüratı yaratsa da, hüquqi baxımdan hazırda mövcud məsuliyyət mexanizmlərinə əsasən dəqiqləşdirmə və aydınlıq gətirməsini, qismən isə yenilik olmasını müşahidə edirik.

Belə ki, mövcud Cinayət Məcəlləsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması cinayət kimi müəyyən edilir. Göründüyü kimi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında təhqir üçün məsuliyyətə cəlb etmə imkanlarını Qanun müəyyən edib. (internet həmçinin kütləvi informasya vasitələri haqqında qanuna əsasən də kütləvi informasiya vasitəsi hesab edilir). Yəni yeni layihə olmadan belə, mövcud qanunvericilik əsasən imkan verir ki, bu hallarda məsuliyyətə cəlb edilmə təmin edlisin.

Lakin internetin, sosial şəbəkələrin inkişafı, geniş yayılması, texniki imkanları, təhqir etmə və böhtan atma hallarının yeni üsullarının yaranması və şəxslərə qarşı tətbiq edilməsini reallığa çevirib. Deputat xatırladır ki, qeyri-rəsmi statistik göstəricilərə əsasən, təkcə Facebook-da saxta (fake) istifadəçilərin sayı istifadəçilərin ümumi sayının 5%-dən 10%-dək nisbətində dəyişir. 2016-cı ilin son rübü üçün Facebookda aylıq 1,79 milyard istifadəçinin olduğunu nəzərə alsaq, dünyada saxta Facebook hesablarının sayı 89-179 milyon arasında dəyişdiyini deyə bilərik. Azərbaycanda da sosial şəbəkələrdən istifadə edənlərin sayının, habelə bu şəbəkələrin insanların şəxsi məlumatlarına, şəxslərarası münasibətlərə, onların ləyaqətinə və işgüzar nüfuzuna təsir imkanlarının artması saxta istifadəçilərin bu şəbəkələrdən cinayət əməlləri üçün sui-istifadə etməsi hallarına qarşı tədbirləri şərtləndirir. Bu baxımdan təqdim edilən layihə həm də bu istiqamətdə atılan addım kimi qiymətləndirilməlidir.

- Bu gün şəxsin xəbəri olmadan onun adından saxta ad vasitəsilə kimsə təhqir edilə bilər.- Millət vəkili yazır.- Bu imkanlar şəxsin kömpyüterinə ondan xəbərsiz müdaxilə etməklə təhqir etməni (kimsə sizin açıq olan kompyüter və hesabınızdan istifadə edir), kənar bir yerdə böyük rahatlıqla eyni adlı profili açma və təhqir etməni nəticə olaraq eyni səviyyəli əməl edir. Son dövlər belə halların sosial şəbəkələrdə artmasını və bunun bir sıra mənəvi, əxlaq, fiziki olmaqla, mənfi təsirlər yaratmasını müşahidə edirik. Mətbuat və televiziyada dəfərlərə ölümlə nəticələnən halların ilkin olaraq sosial şəbəkədə təhqir və böhtan səbəbindən başlaması, daha sonra böyüyərək qanlı hadisə ilə nəticələnməsini müşahidə etmişik.

Bu Qanun layihəsi internetin, xüsusilə sosial şəbəkələrin imkanlarından istifadə etməklə, qəsdən və ya yalan olduğunu bilə-bilə saxta adlarla şəxslərin təhqir edilməsinin, böhtan atılmasının qarşısını alacaq, belə şəxsləri daha məsuliyyətli edəcək, sosial şəbəkələrin böhtan və təhqirlə bağlı hüquqi tənzimləmənin təsir dairəsinə salınmasını təmin edəcək, və çəkindirici xüsusiyyəti olacaqdır. Bu üsuldan istifadə edən və ya nəzərdə tutan, bu yanaşmanı normal hesab edən, məqsədli şəkildə kimisə bu üsulla təhqir edən şəxslər bu Qanun layihəsinin qəbul edilməsindən narahat olmalı və artıq bilməlidirlər ki, bu hallar aşkar edilə bilər və müvafiq məsuliyyət tədbirləri tətbiq edilə bilər.



Bir qədər əvvəl bu məlumat üzərində işlədiyim zaman BBC kanalında təsadüfən “Facebook və Fake xəbərlər” mövzusunda müzakirə getməsini gördüm. Bu da məsələnin akutallığının bir göstəricisidir. Yeri gəlmişkən, Britaniyada sosial şəbəkələrdə saxta profillərlə bağlı cinayət məsuliyyəti də elə bu il müəyyən edilib. Keçən ay Kral Prokurorluq Xidməti sosial media ilə bağlı cinayət işlərinin istintaqı ilə bağlı Qaydalar dərc edib. Bu Qaydalarda rəsmi olaraq, sosial şəbəkələrdə saxta profillərin yaradılmasının cinayət məsuliyyətinə səbəb ola biləcəyi qeyd olunur.

Sonda millət vəkili xatırladır ki, hazırda dünyada media hüququ sahəsində tətbiq olunan yeni tənzimləmə mexanizmlərinin əksəriyyəti məhz sosial medianın əhatə dairəsinin, təsir və texniki imkanlarının genişlənməsinin nəticəsidir və bu yeniliklərə cavabdır. Təklif edilən layihə internet məkanında qanun pozuntularına qarşı daha səmərəli mübarizə aparılmasına xidmət edəcək.


Teqlər:  





Xəbər lenti